Bu maraqlıdır!

Faydalı qazıntıların hasilatı

Faydalı qazıntıların hasilatı insanların maraq göstərdiyi mineralların yerdən çıxarılması prosesinə deyilir. Mədən sənayesi ən vacib sənayelərdən biridir. Əgər faydalı qazıntılar çox böyük miqdarda bir ərazidə yerləşirsə, bu yerə yataq deyirlər. İnsanlar qızıl, gümüş, qalay, daş kömür və duz kimi faydalı qazıntıları çıxardırlar. Bundan başqa tikinti üçün daş da çıxarılır.

 

Faydalı qazıntılar açıq üsulla-karxanalarda və ya qazma üsulu ilə yeraltı şaxtalarda hasil olunur. Yerin üstünə yaxın yerdə yerləşən filizlər karxana yolu ilə çıxarılır. Bunun üçün əvvəlcə torpağın üst təbəqəsini siyirir və sonra faydalı qazıntının olduğu süxurları nəhəng ekskavatorun çalovu ilə qazıb götürürlər. 

 

Sonra onları yaxınlıqda yerləşən emal müəssisəsinə daşıyaraq süxurlardan ayırıb götürürlər. Müasir yeraltı şaxtalar yerin altına 3 km dərinliyə qədər gedə bilir. Şaxtaya sızan suların çıxarılması və ventilyasiya problemləri suyu çəkən və təmiz havanı şaxtaya vuran maşınların meydana çıxması ilə əlaqədar həll olundu. Şaxta üsulu ilə hasiletmə çox çətin və mürəkkəb prosesdir.

 

Hasilatın daha bir üsulu sualtı hasilatdır, bu zaman faydalı qazıntılar yerqazan maşınların köməyi ilə dənizlərin, çayların və göllərin dibindən çıxarılır.