Şeirlər

İvan Krılov. “Ağac”

Tərcümə edən: Hikmət Ziya

 

Çiynində baltası kəndli gedirdi, 

Pöhrcə bir Ağac kəndliyə dedi: 

«Əzizim, dövrəmdə nə ağac var,sən 

Çox yaxşı olar ki, bir-bir kəsəsən; 

Rahatca boy ata bilmirəm artıq, 

Nə günəş görürəm, nə də ki işıq, 

Köküm rişə ata bilmir torpağa, 

Küləklər də düşüb məndən uzağa, 

Heç məni axtarıb-araya bilmir, 

Tağ hörüb gövdəmə sarıya bilmir, 

Mane olmasaydı mənə bu meşə, 

Dərəni tutardı kölgəm həmişə; 

İndisə çubuqtək napnaziyəm mən». 

Baltaya əl atıb kəndli də bu dəm 

Düşündü, dosttək, 

Bu Ağaca xidmət göstərsin gərək. 

Tamam təmizləndi onun dövrəsi; 

Di gəl ki, çıxmadı, şan-şöhrət səsi! 

Gah günəş Ağacı yandırdı-yaxdı, 

Dolu vurdu, gah da gur yağış yağdı, 

Nəhayət, küləklər yıxdı Ağacı. 

İlan dedi ona çox acı-acı: 

«Ağılsız! Başına iş açdın özün, 

Axı sıx meşədə, bir yaxşı düşün, 

Boy atıb, görməzdin quraqlıq, külək, 

Qoca ağaclar qoruyardılar səni balatək. 

Onlar da meşədən bir gün gedəndə, 

Dünyanı tərk edəndə, 

Sən də qalxıb boya-başa çatardın, 

Kökün üstə möhkəm qərar tutardın. 

Yıxılmazdın, elə hey yüksələrdin, 

Bəlkə də, tufana sinə gərərdin!»