Təbiət

Böyük göyərçinlər hər yerdə var, bəs balaları nə üçün görünmür?

Dünyanın hər bir yaşayış məntəqəsində biz geniş yayılmış şəhər quşları olan göyərçinləri görə bilirik. Ağ, göy bəzən boz və ya qəhvəyi, göyərçinlər başlarını bulayaraq səkidə gəzişirlər, bəzən binaların divarlarında və fasadlarda oturub, şirin-şirin “söhbət” edirlər. 
 
Onlara baxanda, bir qəribəlik diqqəti çəkir: kiçik göyərçinlər heç vaxt gözümüzə dəymir. Axı hər yer göyərçinlərlə doludur. Amma göyərçin balaları yoxdur. Niyə?
 
Şəhər göyərçinləri vəhşi tünd göy göyərçinlərin nəslindəndir, əslində bu eyni quşlardır. Əlbəttə ki, onlar azca dəyişib, amma nəslinin davam etməsi məsələlərində öz əcdadlarının adətlərini qoruyub saxlayıblar –yuvalarını həmişə qizli saxlamağa çalışırlar.
 
Göyərçin (lat. Columba livia növü) - göyərçinlər fəsiləsinə aid quşdur. Onlar adətən ağaclarda və qayalıq yerlərdə yaşayırlar. Erkək və dişi birlikdə kürt yatarlar, balalarını birlikdə böyüdərlər. Balalar yumurtadan gözləri bağlı və çılpaq vəziyyətdə çıxır.
 
Uzaq keçmişdə, insanlar mağaralarda yaşayanda, onların ətrafında göyərçinlər də olub. Məsələn, Cəbəllütariqdə mağaranın qazıntıları zamanı məlum olub ki, neandertallar göyərçinlərlə qidalanıblar.  Çox illər sonra həmin mağaralarda Homo Sapienslər (ağıllı adamlar) məskunlaşanda, onlar da göyərçinlərdən qida məhsulu kimi istifadə ediblər. 
 
Amma müasir şəhərlərdə  mağaralara, qayalara və yarğanlara rast gəlmək olmur. Ona görə də göyərçinlər məskunlaşmaq üçün başqa yerlər axtarmağa məcbur olur, gizli yerlərdə, insanın gözündən uzaq olan kilsə qüllələrində, baxımsız qalmış binalarda və ya körpülərin altında özlərinə yuva qururlar.
 
Bəs cavan göyərçinlərlə bağlı vəziyyət necədir? Axı onları biz görməliyik. Elədir ki, var. Ətrafda cavan göyərçinlər çoxdur, amma onları böyüklərdən ayırmaq, sadəcə, çox çətindir. Məsələ ondadır ki, göyərçinlər öz xarici görünüşdən elə bil ki, utanıb, çox uzun müddət yuvalarını tərk etmirlər: onların yumurtadan çıxması və yuvalarını tərk etməsi 40 gün çəkir, digər quşlarla müqayisədə bu vaxt iki dəfə artıqdır.
 
İlk vaxtlar valideynləri balaca göyərçinləri zülala və yağlarla zəngin olan, südə bənzər maddə ilə yedizdirirlər. Göyərçin balaları doğma yuvasını tam yetişmiş vəziyyətdə tərk edirlər. Artıq onlar böyük göyərçinlərə çox oxşayırlar, amma mütəxəssis onları böyüklərdən dərhal ayıra bilər. Cavan göyərçinlərin boğazının ətrafında yaşıl-qırmızı çalarlar yoxdur, dimdiklərinin üstündəki dəri toxuma isə böyüklərdəki kimi ağ rəngdə yox, boz-çəhrayı rəngdə olur.