Bu maraqlıdır!

İndoneziyanın incisi – Bali

Bali nəinki İndoneziyanın, eləcə də bütün dünyanın ən ekzotik adalarından biri sayılır. Bu ada turistlərin istirahət üçün ən çox üz tutduqları məkandır.

 

İndoneziya müsəlman ölkəsi olmasına baxmayaraq, Bali adasının 90 faizi hinduizmə sitayiş edir. Bali tropik adadır, ilin bütün aylarında temperatur 25-35 dərəcə arasında dəyişir.

 

Hər tərəfdən Hind okeanı ilə əhatə olunan Bali adası dörd əsas bölgədən ibarətdir. Bunlardan üçü paytaxt Denpasarda yerləşən Kuta, Seminyak, Nusa Dua, digəri isə Ubuddur. Hər bir bölgənin ayrı-ayrılıqda görməli yerləri var.

 

Bali öz tarixi yerləri, ekzotik məbədləri, füsunkar təbiəti, qonaqpərvərliyi, qədim mədəniyyəti və gözoxşayan çimərlikləri ilə məşhurdur. Bali, həmçinin insana rahatlıq verən musiqiləri, yerli rəqsləri, sənət və ritualları ilə məşhur olan xəyallar adasıdır.

 

Balidə macərasevərlər üçün raftinq, sörfinq, paraşütlə tullanma, eləcə də digər əyləncə növləri də var. Burada dəniz məhsullarının üstünlük təşkil etdiyi bir çox restoranlar, barlar, spa mərkəzləri və rəngarəng gecə klubları fəaliyyət göstərir.

 

Adada tarixi yerləri sevənlər üçün yüzlərlə gəzməli məbəd də var. Bunlardan biri də “Tanah Lot” hindu məbədidir. Məbəd sudan 30 metr kənarda qayanın üzərində yerləşir. Burada Hind okeanı üzərindən günəşin batmasını izləmək olar. Hər il minlərlə turist məhz bunun üçün “Tanah Lot” məbədinə gəlir.

 

“Qaruda Vişnu Kensana” mədəniyyət parkında Vişnu tanrısı və mifik quş olan Qarudanın heykəllərini görmək mümkündür. Qeyd etmək lazımdır ki, Vişnu heykəli İndoneziyanın ən hündür abidəsidir.

 

Balidə mütləq gediləsi yerlərdən biri də “Pura Luhur Uluvatu” məbədidir. Burada siz Balinin qədim tarixi ilə tanış olacaq, yerli əhalinin etiqadı haqqında öyrənəcək, Hind okeanına açılan möhtəşəm mənzərənin şahidi olacaqsınız. Qeyd edək ki, məbədin ərazisində və yaxınlığında çoxlu sayda meymun məskən salıb.

 

Baliyə səfər hər bir kəsə xoş təəssüratlar və unudulmaz anlar bəxş edəcək. Gözəl iqlim, dadlı təamlar, insanların qonaqpərvərliyi, əsrarəngiz məkanlar Baliyə səyahət edən hər kəsin ürəyincə olacaq. İndoneziyanın incisi olan Bali azərbaycanlı turistlərin də sevimli məkanına çevriləcək.