Şeirlər

Gülzar İbrahimova. “Əlvida uşaqlıq”

Uşaqlığım sona yetdi qəfildən

Elə bildim zaman birdən dayandı,

Göydəki Günəş də elə bil birdən 

Mənə baxıb qaşqabağın salladı.

 

Böyük olmaq sən demə çox çətinmiş

Bütün yollar tikanlığa yol açır

Həyatın cəlladı nə qəddar imiş

Uşaqlığı nə tez kəsib aparır

 

Mən heç doymamışdım oyuncaqlardan

Dedilər, sən daha uşaq deyilsən.

Məni danladılar,  uzaq dur topdan

Sən artıq böyüksən, bəbə deyilsən

 

Mən evcik düzəldib heç qurtarmamış

Uşaqlıq illəri tez ötüb keçdi.

Şəhrizad nağıla heç başlamamış, 

Səhər də  açıldı, nağıl da bitdi

 

Nə vaxtdır ki, gəlinciyə baxmıram

Məndən küsən qara gözləri dolub,

Neçə gündür  saçların  daramıram

Gör saçları necə pırtlaşıq olub?

 

Elə bilirdim ki, hələ vaxta var,

Uşaqlıq illəri nə tez ötüşdü,

Bir də ayıldım ki, on beş yaşım var,

Oyuncaqlar əlimdən yerə düşdü.