Şeirlər

Aləmzər Əlizadə. Mən küsmüşəm

Mən küsmüşəm anamdan,
O getmədi yanımdan.
Yağır dümağ, dümağ qar
Qoymadı yeyəm ondan.

 


Mən anamdan küsən tək
Çəkməm mənlə dalaşdı.
Bağını çəkdim bərk-bərk,
Açılmadı, dolaşdı.

 


Donuma nə dedilər
Baxmır mənim sözümə.
Çalışıram nə qədər,
Geyilir tərs üzünə.

 


Mən küsmüşəm anamdan,
Qoy gedim yatım bir az.
Qırmızı, güllü yorğan,
Mənlə küsməz, dalaşmaz.

 


Yorğanım, ört üstümü,
Yorğanım, ört üstümü,
Ayağım açıq qalır─
Sən də məndən küsdünmü

 


Gedim görüm anamı,
Danışdırım anamı:
Qar yemək istəmirəm
Mənlə barışsın hamı!