Xəbərlər

29 iyul-Beynəlxalq Pələnglər Günüdür

Beynəlxalq Pələnglər Günü (Tiger International Day) 2011-ci ildən başlayaraq hər il iyulun 29-də qeyd olunur. Məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır.

 

Bu əlamətdar gün pələnglərin qorunması məsələləri üzrə 2010-ci il noyabrın 21-dən 24-dək Sankt-Peterburqda 13 dövlətin hökumət başçılarının iştirakı ilə keçirilən beynəlxalq forumda təsis edilib.

 

Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, XX əsrin əvvəllərində Yer üzündə təxminən 100 min pələng yaşayıb. 2014-cü ildə onların sayı 3 minədək azalıb və azalmaqda davam edir. Heyvanlar öz təbii yaşayış mühitinin 93 faizini itirib. Bundan başqa, brakonyerlik, qeyri-leqal ticarət məqsədilə pələnglərin ovlanması onların sayının azalmasına səbəb olub. Bu heyvanlar bir sıra bölgələrdə - Yava və Bali adalarında (1960-1980-cı illərdə), Cənubi Qafqazda (1930-ci illərdə), Orta Asiyada (1960-ci illərdə) tamamilə məhv edilib.

 

Benqal pələngi - ən çoxsaylı yarımnövü Butan, Nepal, Banqladeş və Hindistanda yaşayır. Amur pələngi - ən nadir və ən böyüyü (çəkisi 300 kiloqram) Rusiyada, eləcə də Çinin şimal-qərbində yaşayır. Yalnız 2004-ci ildə yarımnöv kimi tanınan Malayziya pələngi Malakka yarımadasının Malayziya sahəsində, Çin pələngi isə Çində yaşayır. Tailand, Kamboca, Vyetnam və Laosda Hind-Çin pələngi yayılıb. Sumatra pələngi yarımnövün ən kiçiyidir. Onların çəkisi təxminən 150 kiloqramdır.

 

XX əsrdə pələngin adı “itən növ” kimi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Kitabı”na, Rusiyanın, eləcə də digər ölkələrin mühafizə sənədlərinə daxil edilib.