Xəbərlər

3 avqust- Qarpız Günüdür

Hər il avqust ayının 3-ü fərqli ölkələrdə Qarpız günü kimi qeyd olunur. 

 

Hazırda dünyanın 96 ölkəsində 1200-dən çox qarpız növü yetişdirilir. Başqa ölkələrlə müqayisədə qarpız yeyilməsinə görə Amerika Birləşmiş Ştatları birinci yerdə gedir. Ölkədə qarpızın 300 növü var. Xüsusilə qitənin Latın amerikalı mənşəli əhalisi olan regionlarında qarpız çox məşhurdur. Birləşmiş Ştatlarda ildə 40-dən artıq qarpız festivalı keçirilir. Hətta bəzi bölgələrdə qarpızın tumlarını çırtlayaraq daha uzağa tüpürmək uğrunda yarış da keçirilir.

 

Rusiyaya qarpız VIII-X əsrlərdə Hindistandan gətirilib, əvvəlcə onu Volqaboyunda, sonralar ölkənin mərkəzi rayonlarında yetişdiriblər. Rusiyada daha çox Astraxan qarpızı sevilir.

 

Yaponiyada qarpızın ən qəribə, fərqli növləri- kvadrat qarpızlar, piramida formalı qarpızlar yetişdirilir. 

 

Qarpız nəinki dadlı, həmçinin faydalı giləmeyvədir. O, sidikqovucu xüsusiyyətinə görə orqanizmi şlaklardan təmizləyir, tərkibində dəmirin çox olması səbəbindən anemiyaya qarşı güclü təsirə malikdir, sellülozla zəngin olduğu üçün orqanizmdən xolesterini çıxarır.


 
Əgər qarpızda sarı rəngli damarlar görünürsə, deməli, onun becərilməsi zamanı kimyəvi maddələrdən istifadə olunub. Həmçinin qarpızın keyfiyyətini onun lətinin bir hissəsini suya salmaqla da müəyyən etmək olar: əgər su çəhrayı rəngə boyanarsa, deməli, onun tərkibində nitratlar var. Şora ilə zəngin qarpızı almaq ehtimalını azaltmaq üçün onları avqustun ortalarında və sentyabr ayında əldə edin. Bu zaman qarpızın təbii şəraitdə yetişmə ehtimalı böyükdür.