Xəbərlər

5 avqust- Beynəlxalq İşıqfor Günüdür

Vaxt var idi ki, böyük şəhərin küçəsindən keçmək heç də asan deyildi. Adamlar uzun müddət səkidə dayanıb at qoşulmuş ekipajların keçib-getməsini gözləyirdilər. Lap səbirsiz olanlar isə özlərini at dırnaqlarının və ya fayton, minik arabasının təkərləri altına düşmək təhlükəsinə ataraq yolu keçirdilər.


Bəs yolda bir neçə cərgə maşın karvanının olduğu bizim günlər barədə nə demək olar?  Piyadalar yolu necə keçməlidirlər? Üstəlik yolu köndələn keçməli olan maşınlar da vardır ki, onlar üçün da yolu boşaltmaq lazımdır. Bu zaman piyadaların və sürücülərin köməyinə işıqfor gəlir. İşıqfor sözünün ikinci hissəsi yunanca “foros” sözündən götürülüb ki, “daşıyıcı”, yəni işığın daşıyıcısı mənasını verir.
Bəs bilirsənmi ki, ilk işıqfor nə zaman meydana çıxıb?


İlk işıqfor dəmir yol siqnalı üzrə mütəxəssis Con Pik Nayt tərəfindən icad edilib və 1868-ci il dekabrın 10-da Londonda Britaniya parlamenti binasının qarşısında quraşdırılıb. Cihazı xüsusi təhkim edilmiş adam idarə edirdi. O, bərkidilmiş qayış sisteminin köməyi ilə cihazın oxunu qaldırır və endirirdi. Sonralar oxu işıq qazı ilə işləyən fənər əvəz etdi. Fənərdə yaşıl və qırmızı şüşələr vardı, sarı rəngdən istifadəni isə hələ fikirləşməmişdilər.


1869-cu il yanvarın 2-də işıqforun qaz fənəri partlayaraq onu idarə edən polisi yaralamışdı. Ondan sonra işıqfordan təxminən 50 il – 1910-cu ilədək - ilk iki rəngli fənərdən ibarət avtomatik qurğu yaradılanadək istifadə olunmadı.


Beynəlxalq İşıqfor Gününün tarixi isə avqustun 5-dən hesab edilir. Həmin gün 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk elektrik işıqfor quraşdırılıb. Onun da iki – qırmızı və yaşıl işıq rəngli işıqları olub. Sarı rəngi isə polisin xəbərdaredici fiti əvəz edirdi. Lakin dörd ildən sonra Nyu-Yorkda avtomatik idarə olunan üç rəngli işıqfor quraşdırılıb.


Maraqlıdır ki, ilk işıqforlarda yaşıl rəng yuxarıda olmuş, sonralar isə qırmızı rəngi yuxarıda yerləşdirmək qərara alınmışdır.


Bəs bilirsinizmi işıqforda niyə məhz qırmızı, yaşıl və sarı rənglərdən istifadə edilir? Qırmızı – təhlükə rəngidir. Bu rəng gündüz də, gecə də, yağışda da, dumanda da yaxşı görünür. Təsadüfi deyil ki, yanğınsöndürən  maşınlar qırmızı rəngdədir. Beləliklə də bu rəng hərəkəti qadağan edir və sanki maşınlara  “Dayan! Yol bağlıdır!” deyir.


Yaşıl rəng isə qırmızıdan tamamilə seçilir və onları qarışdırmaq mümkün deyil. Ona görə də bu rəng qırmızıdan fərqli olaraq hərəkəti qadağan etmir və “Yol açıqdır! Cəsarətlə irəli!” deyir.


Bu iki rəngin ortasında olan sarı rəng isə sürücüləri və piyadaları diqqətli olmağa çağırır və sanki deyir: “Diqqət. Tezliklə hərəkətə ya icazə veriləcək, ya qadağa qoyulacaq!”.


Üç rəngli işıqfordan başqa yollarda piyadalar üçün qırmızı və yaşıldan ibarət xüsusi işıqforlar da quraşdırılır. Burada da qırmızı rəng piyadalara üçün hərəkəti qadağan edir, yaşıl rəng isə icazə verildiyini göstərir.


Dostlar, gəlin maşın yolunu keçərkən işıqfora diqqət yetirək və yol hərəkəti qaydalarını pozmayaq!