Nağıllar, hekayələr

İlin fəsilləri

İlin dörd fəsli (qış, yaz, yay, payız) var. Axşama yaxın qar dayanmışdı. Səhər isə səma açıq-mavi rənglə işıqlanırdı. Qar par-par parıldayırdı. Hava çox soyuq idi. Quşlar tüklərini pırtlaşdıraraq acıqlı-acıqlı ətrafa baxırdılar. Elə bil ki, soyuqdan üşümüş sərçə bu dəqiqə Andersenin nağılında olduğu kimi dil açıb deyəcək: “Cik-cik, bu da Yeni il! Bu, keçən ildən də pisdir ki! Heç gəlməyinə dəyməzdi”. Bu ağılsız quş heç başa düşmür ki, təbiətin qanunu belədir: qış günəş duruşundan (Şimal yarımkürəsində dekabrın 22-dən) sonra gecələr qısalmağa, gündüzlər uzanmağa başlayır, şaxtalar isə güclənir. Amma qış nə qədər acıqlansa da, əvvəl-axır onun ardınca bahar gələcək, çünki ilin fəsilləri bir-birini əvəz edir. Nə üçün?


Yer Günəş ətrafına bir ilə dövr edir. Bu dövr ərzində o, öz səthinin müxtəlif tərəflərini Günəşə çevirir. Günəş göydə yüksəyə qalxdığı vaxt onun şüaları Yerə şaquli düşür və Yeri bərk qızdırır. Bu zaman havalar isti keçir. Günəş alçaqda olanda isə onun şüaları elə bil ki, Yer üzərindən sürüşüb keçir. Bu vaxt soyuq olur.


Qışı bahar əvəz edir, baharı isə yay. İyunun 22-si gəlir. Bu, yay duruşudur. İndi əsl yay başlanır. İstilər düşür. Qarşıdan isə payız gəlir. Gündüzlər qısalır, gecələr uzanır. Budur, artıq meşələr qızılı don geyinir. Bir azdan ağaclar yarpaqlarını tökəcək. Təbiət qar gözləyir. Dövr başa çatır.


Yer kürəsinin hər yerində ilin fəsilləri belə kəskin fərqlənmir. Şimal və Cənub qütb dairələrinə yaxın yerlərdə bütün ilboyu soyuq olur: burada Günəşin şüaları Yerin səthinə maili düşür və Yeri zəif qızdırır. Ekvatorun hər iki tərəfində isə, tropik qurşaqda həmişə isti olur. Günəş burada həmişə hündürdə dayanır və onun şüaları Yerin səthinə şaquli düşür. Yerin bu hissəsi Günəşdən daha çox istilik alır.