“Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qaliblərinə mükafatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirdiyi “Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar. 


Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, müsabiqə Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar keçirilib. Tədbirdə çıxış edənlər qeyd ediblər ki,  əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensiallarının dəstəklənməsi və cəmiyyətə təqdim edilməsi üçün ardıcıl tədbirlər keçirilir. “Məndə sığar iki cahan...” rəsm müsabiqəsinin də bu məqsədi daşıdığı, qeyd edilən kateqoriyalardan olan vətəndaşların müsabiqədə fəal iştirak etdiyi bildirilib.  


Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini ies@mlspp.gov.az ünvanına göndərib və bu əsərlər  nazirliyin (sosial.gov.az)  #Instagram səhifəsində təqdim edilib. Elan olunmuş müsabiqə şərtinə uyğun olaraq qalibləri instagram istifadəçiləri özləri müəyyən edib və 14 rəsm əsərindən ən çox bəyənilən 3-nün müəllifləri müsabiqənin qalibləri seçiliblər. 


Qaliblərə - sağlamlıq imkanları məhdud gənclər Qorxmaz Mustafayevə (I yer), Asif Qasımova (II yer) və  Nisə Cəfərovaya (III yer) diplom və mükafatlar təqdim edilib.