Təbiət

Sivaş körfəzi

Çürük qoxulu göl və ya Sivaş körfəzi  Azov dənizinin qərbində yerləşir. Sivaş sözü Krım-tatar dilindən tərcümədə (krımtat. sıvaş, сываш) "çürük, kir" mənasını verir. Krım yarımadasını materikdən ayırır. 


Sivaş gölü dünyada duzlu suyu ilə tanınır. Su hövzəsinin sahəsi 2500 km², adalarının sahəsi isə 560 km² təşkil edir. Azov dənizinin suları ilə qidalanır. Uzunluğu 200 km, eni isə 2–35 km-dir. Maksimal dərinliyi 3 metr, orta dərinliyi isə 1 metrdir. Bəzi hissələrdə dərinlik hətta 0,50 metrə çatır. Sahilləri olduqca dayazdır. Hətta yayda ərazini duzlaq basır.


Sivaş gölünün dibi 5 metr dərinliyində lillə örtülüb. Duzluluq şimalda 22 ‰, cənubda isə 87 ‰ təşkil edir. Sivaş körfəzinin duz ehtiyatı 200 mln tondur.


Yay aylarında gölün suyu hədsiz isindiyinə görə duzlu su buxarlanır, yosunlar çoxalır və göl xoşagəlməz, pis qoxu yaymağa başlayır. Bu səbəbdən “Çürük qoxulu göl” adlandırılıb. Güclü buxarlanma səbəbindən göl minerallaşmaya məruz qalır. Buxarlanmadan sonra Sivaşın palçığı çox miqdarda mineral və duzlar ilə zənginləşir. Tərkibindəki minerallara görə gölün bəzi hissələrində suyun rəngi çəhrayı-qırmızı rəngdə olur. Tərkibində xlorid, kalium, maqnezium, brom, sulfat duzları var. Bu minerallar faydalı xüsusiyyətlərə malikdir, buna görə də əzələ-sümük, sinir, endokrin və digər bədən xəstəliklərinin müalicəsində istifadə olunur. Bu xüsusiyyətlərə görə, Ukrayna terapevtik palçığı xarici ölkələrə ixrac edir. Həmçinin ölkədə gölün duz və palçığından gübrələr, kosmetologiya və digər məhsullar istehsal edən fabriklər yaradılıb.

Sivaş körfəzinin sahilində yerləşən zavodlar: Perekop brom zavodu, Krım titanı, Krım soda zavodu.


Göl 11 duzlu və olduqca duzlu körfəzlərdən ibarətdir.