Bu maraqlıdır!

Konfutsinin əxlaq nəzəriyyəsi

Hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biri əxlaq tərbiyəsidir.

İnsan əxlaq keyfiyyətləri ilə birlikdə hazır şəkildə doğulmur. Onda formalaşan bir çox keyfiyyətlər cəmiyyətin ona göstərdiyi təsirin nəticəsi kimi meydana çıxır. Hər bir cəmiyyətin özünəməxsus əxlaq normaları, davranış qaydaları mövcuddur. Bu qaydalar insanlar arasındakı müxtəlif münasibətləri, əxlaqi dəyərləri özündə birləşdirir. Konfutsi belə hesab edirdi ki, bütün adamlar öz təbiəti etibarilə bir- birilərinə yaxındır. Lakin onlara müxtəlif vərdişlər xasdır. Bəziləri yaxşı, mehriban və əxlaqlıdır, digərləri pis, yaramaz və qəddardır.

Konfutsi insanın hökmən yiyələnməli olduğu iki cəhəti xüsusi qeyd edirdi: borc və insanpərvərlik.

Bir dəfə Konfutsi Jan Yu adlı tələbəsi ilə Vey çarlığına gəlir. Konfutsi yetirməsindən soruşur ki, olduqları yerdə nə qədər adam yaşayır? Jan Yu cavab verir ki, buranın əhalisi sürətlə artır. Məlum deyil ki, sonra necə olacaq. Konfutsi deyir: “Onu zənginləşdirin ”. “Biz onu zənginləşdirdik, bəs sonra nə etmək lazımdır? ”, - deyə tələbəsi soruşur. “Onu tərbiyə edin ”, - deyə Konfutsi cavab verir.

Konfutsi belə hesab edirdi ki, təlim-tədris prosesində adam daha yaxşı və əxlaqlı olur, çatışmazlıqlarını və düzgün olmayan hərəkətlərini düzəltməyə çalışır.

O, xalqın maariflənməsi uğrunda mübarizə aparır və hesab edirdi ki, bununla xalqı onun özünün seçə bilmədiyi düz yolla getməyə vadar etmək olar. O deyirdi ki, insanları idarə etmək öz şəxsi nümunəsi ilə onları ardınca apara bilən az adama müyəssər olan yüksək müdriklikdir.

O, təlim və tərbiyədə ayrı-seçkiliyə qarşı çıxmış və Çində sosial vəziyyətindən asılı olmayaraq, bütün insanların daxil ola biləcəyi ilk xüsusi məktəb yaratmışdır. O deyirmiş ki, “təlimdə insanlar arasında fərq olmamalıdır”.


Konfutsi öz məktəbini Lu çarlığının paytaxtı Tsyuyfu (indiki Şandun əyaləti) şəhərində yaratmışdı. Məktəb öz ölçülərinə görə böyük olub, iki binadan ibarət idi; “Tan” adlanan yerdə şagirdlər məşğul olur, “Ney”də yaşayırmışlar. Yaxşı havada məşğələlər həyətdə, Konfutsinin çox sevdiyi ərik ağacının altında keçirilərmiş. Məktəb özünün “Sin tan” (“Ərik mehrabı”) adını da buradan almışdır.