Görkəmli şəxsiyyətlər

Alman bəstəkarı Rixard Vaqner

Alman bəstəkarı, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqner 1813-cü il mayın 22-də Leypsiqdə anadan olub.  Operanın ən böyük islahatçısı sayılan Vaqner Avropa musiqi mədəniyyətinə, xüsusən də Alman mədəniyyətinə əhəmiyyətli təsir göstərib. 


Rixard Vaqnerin yaradıcılığı 19-cu əsrdə Avropanın musiqi ənənələrində dönüş nöqtəsinin simvolu sayılır. Vaqnerin çətin, keşməkeşli həyatı, yaşadığı çətinliklər yalnız operada deyil, simfonik janrlarda da inqilabi dəyişikliklərə təkan verdi.


O, tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.


Vaqner 1831-ci ildə Leypsiq universitetində oxuyub, eyni zamanda kompozisiya dərsi alıb. 1833-cü ildə Vürsburqda xormeyster, sonralar Maqdeburq (1834-36), Köniqsberq (1837) və Riqanın (1837-39) musiqi teatrlarında dirijor işləyib. Vaqnerin həyatı əsasən Almaniyada keçib. Lakin 1849-cu ildə Leypsiqdəki üsyanda iştirak etdiyinə görə Vaqner ölkəni tərk etməli olub. Sonrakı 13 ili Avropanın müxtəlif ölkələrində — Fransada, İsveçrədə, Avstriyada yaşadıqdan sonra yenidən vətəninə qayıdıb.

 


1830-cu illərdə "Pərilər", "Sevgi qadağandır", "Riyensi" operalarını yazıb. "Faust" üvertürası (1840) və "Uçan hollandiyalı" (1841) operası Vaqnerin ilk yetkin əsərləridir. 

 


1843-1849-cu illərdə Vaqner Drezdendəki saray teatrında dirijor işləyib, orta əsr əfsanələri əsasında "Tanheyzer" və "Loenqrin"  operalarını yazıb. 1848 ildən Vaqner "Reyn qızılı" (1854), "Valkiriya" (1856), "Ziqfrid" (1871), "Tanrıların qürubu" (1874) operalarından ibarət "Nibelunq üzüyü" tetralogiyası üzərində işləyib.

 


Rixard Vaqnerin əsərləri, ələlxüsus son dövr əsərləri özlərinin kontrapunkt teksturaları, zəngin xromatizmi, harmoniya və orkestr və leytmotivlərdən nəfisliklə istifadə etməsi ilə fərqlənir. Rixard Vaqner musiqidə bir çox nailiyyətlərin, son dərəcə xromatik və sürətlə dəyişən tonal mərkəzlərdən istifadəsi ilə Avropa klassik musiqinin inkişafına böyük təsir göstərib.

 


O, musiqi təfəkkürünü özünün Gesamtkunstüerk ("mütləq sənət işi") ideyası ilə zənginləşdirib. Bu ideyanın qayəsini bütün növ poetik, vizual, musiqili və dramatik sənətlərin sintezi təşkil edirdi. Bu ideya onun Der Ring des Nibelungen (1876) adlı monumental dörd operadan ibarət silsiləsində öz əksini tapır. Vagner hətta əsərlərini özü təsəvvür etdiyi kimi səhnələşdirmək məqsədilə özünün opera evini da açıb.
Şöhrətinin çiçəklədiyi zamanlar Vaqner Avropada qastrol səfərlərini dayandırmır. 1882-ci ildə Vaqner Venesiyaya köçüb və burada 13 fevral 1883-cü ildə infarkt keçirərək vəfat edib.