Bu maraqlıdır!

Dəvə hörümçəyi

Hörümçəkkimilər ailəsinə aid olan bu həşərat bir çox ad ilə tanınır: salpuqa, böv, bixorka, falanqa və dəvə hörümçəyi. Afrikanın cənubunda onlara "bərbərlər" deyilir. Əslində onlar hörümçək deyil. Xarici görünüşü səbəbiylə hörümçəkkimilər ailəsinə aid edilib.


Təbiətdə sаlpuqilərin 1000-ə qədər növü məlumdur. Onlar ən çox tropik, subtropik, qismən də mülayim qurşaqların çöl və səhralarında yayılıb.


Salpuqa 50-70 mm, az qismi isə 10-15 mm ölçüdə olur. Qonur-sarı, sarımtıl, nadir hallarda alabəzək və ya tünd rəngdə olurlar. "Salpuqa" sözü latın dilindən tərcümədə "günəşdən qaçan” deməkdir.
Baş-döş şöbədə xeliser, pedipalplar və 4 cüt yürüş ayaqları yerləşir. Xeliserləri iridir, güclü qısqaclara malikdir. Bövlərin pedipalpları quruluşuna görə ayaqlara oxşayır, lakin caynaqları yoxdur. Pedipalplar müxtəlif funksiyalar yerinə yetirir. Onlar hərəkətə, şikarın tutulmasına xidmət edir, həmçinin hissetmə orqanıdır.


Ayaqlar quruluşuna görə fərqlənir. Birinci cüt ayaqlar daha nazik və qısadır, hissetmə funksiyası daşıyır. Digər ayaqlar hərəkətə xidmət edir, pəncələri buğumlu olub, caynaqla nəhayətlənir. Qarıncıq şöbə iri olub, 10 buğumdan təşkil olunub. 


Salpuqilərin bütün bədəni müxtəlif uzunluqda olan tükcüklərlə örtülüdür. Belə tüklü, iri ölçülü bədən və cəld hərəkət etmələri onları çox qorxunc edir. Solpuqilər böyük sürətlə qaçır, şaquli səthə asanlıqla dırmanır, hətta 1m məsafəyə tullana bilir. Düşməni ilə qarşılaşdıqda bövlər qorxuducu vəziyyət alırlar: bədənin ön tərəfini yuxarı qaldırır, xeliseri açıq vəziyyətdə önə doğru, pedipalpları və ön ətrafları düşmənə qarşı istiqamətlənir. Bəzi növləri belə halda səs də çıxara bilirlər. 


Traxeya sisteminin güclü inkişaf etməsi bövlər üçün səciyyəvi əlamətlərdən biridir. Əsas traxeya boruları ikinci və üçüncü qarın buğumlarının kənarlarında cüt nəfəsgahla xaricə açılır. Nəfəsgahlar tükcüklərlə örtülüdür. Bundan başqa 4-cü qarın buğumunda tək nəfəsgah və baş-döş şöbədə bir cüt nəfəsgahlar da vardır.


Həyat tərzi


Bövlər gecələr daha fəal olurlar. Gündüzlər isə müxtəlif yerlərdə—daşların altında, gəmiricilərin və digər heyvanların yuvalarında gizlənirlər. Xeliseləri ilə bəzən torpağı qazaraq yuva düzəldirlər. Lakin solpuqilərin günəş sevən növləri də vardır. Hətta İspaniyada solpuqiləri "günəş hörümçəkləri" adlandırırlar. Orta Asiyada günəşsevən salpuqi (lat. Paragaleodes heliophilus) növü gündüz həyat tərzi keçirir. Bövlər, əsasən həşəratlarla, qismən çoxayaqlılarla, hörümçəklərlə, məryəm qurdları və s. ilə qidalanırlar. Onlar termitlərin yuvalarını dağıdırlar, hətta Kaliforniyada arı pətəklərini dağıtmaları haqqında məlumat da vardır. Solpuqilərdə zəhər vəziləri olmadığından insanlar üçün heç bir təhlükə yaratmırlar. Bəzi iri bövlər insanı sancdıqda xeliserləri vasitəsilə sancdıqları nahiyəyə mikroorqanizmlər keçirərək iltihaba səbəb olurlar. Lakin kiçik ölçülü bövlər heç insan dərisini sanca bilmirlər. 


Dişi bövlər növlərinin müxtəlifliyindən asılı olaraq, 30-dan 200-ə qədər yumurta qoyurlar. Embrional inkişaf dişi fərdin yumurta borularında getdiyi üçün qoyulmuş yumurtalardan tezliklə hərəkətiz kiçik solpuqilər çıxır. Onların bədənləri şəffaf, buğumsuz və tüksüz olur. 2-3 həftədən sonra qabıqdəyişmə baş verir. Bu zaman buğumlu, tükcüklü yeni örtük əmələ gəlir və kiçik bövlər hərəkət etməyə başlayırlar. Dişi fərd kiçik bövlərin bədəni möhkəmlənənə qədər onların yanında qalır. Hətta onları qidalandırmaları haqda məlumat vardır. Bövlərin həyatında qış və yay diapauzası da müşahidə olunur.


Yayılması


Keçmiş SSRİ-də 50-yə yaxın növü olub, Orta Asiyada, Qafqazda, Zaqafqaziyada, Krımda, Don çayının aşağı hissəsindən Ural çayına qədər uzanan çöllərdə yayılıb. Bunlardan 5 sm ölçüdə olan adi solpuqi (lat. Galeodes araneoides) keçmiş ittifaqın Avropa hissəsində, Krım və Qafqazda, 6.5 sm ölçüdə olan Xəzər solpuqisi (lat. G.caspius) Orta Asiyada, 7 sm ölçüdə olan boz solpuqi (lat. G.fumigatus) növü Türkmənistanda geniş yayılmışdır. Rhagodes cinsindən olan solpuqilər Zaqafqaziyada və Türkmənistanda daha çox rast gəlinir. Bu cinsin nümayəndələri qısa ayaqları, alabəzək və ya tünd rəngli bədənlərinə görə fərqlənirlər. Karschia cinsinin sarı rəngli nümayəndələri Zaqafqaziyanın və Orta Asiyanın dağlıq ərazilərində, dəniz səviyyəsindən 3000 m yüksəklikdə rast gəlinir.