Bu maraqlıdır!

Müdrik Xiron

Xiron titanların padşahı Kronun oğlu, Prometeyin əmisi oğlu idi. Xiron qeyri-adi xeyirxahlığı, mülayimliyi, həqiqətpərəstliyi və müdrikliyi ilə fərqlənirdi. Prometey insan nəslinin ilk müəllimi idi. Xironun şagirdləri isə allahların adi insanlardan olan övladları-allah və qəhrəmanlar idi. Onların çoxu Fessaliyanın Pelion dağında, Xironun mağarasında böyümüş və tərbiyə almışdılar. Feb-Apollon yenicə doğulmuş oğlu, gələcək təbabət allahı Asklepini tərbiyə olunmaq üçün Xironun yanına gətirmişdi. Asklepi Xirondan həkimlik sənətini böyük məharətlə öyrənmişdi. O, hətta ölünü belə diriltmək qabiliyyətinə malik idi. 

 

Üzümçülərin və şərabçıların allahı şən Dionis Xironun yanında böyümüşdü. Boya- başa çatdıqdan sonra o, çox şöhrətlənmiş və bütün dünyanı gəzərək hər yerdə üzümlüklər salmışdır. Ancaq deyilənə görə üzümün şirin gilələrini Dionisə ilk dəfə məhz kentavr Xiron yedirtmiş və Ana-Yerin bu gözəl hədiyyəsini insanlara verməyi məsləhət görmüşdür. 

 

Xiron vəhşi heyvanları ovlamağın sirrini bilirdi. O, bu sənəti, əkinləri, zeytun meşələrini və arı pətəklərini mühafizə edib qoruyan Aristeyin oğlu Akteona öyrətmişdi. Bir dəfə ovçuluq ilahəsi Artemidanın Akteona qəzəbi tutmuş və onu marala döndərmişdi. Marala dönmüş sahiblərini tanımayan itlər, Akteonun üstünə cumaraq tikə-tikə etmiş, sonra onu axtara-axtara gəlib kentavrın mağarasının girəcəyində oturaraq ara vermədən ulamağa başlamışlar. Yalnız Xiron, Akteonun heykəlini düzəldib, onlara göstərdikdən sonra itlər səslərini kəsib sakitləşmişlər. 

 

Xirondan müxtəlif elm və sənətləri öyrənən digər qəhrəmanlar içərisində Asklepinin oğulları- hər ikisi gözəl həkim olan Maxaon və Podaliri, doqquz insan ömrü qədər yaşayıb hətta öldükdə belə yaddaş və ağlını itirməyən, gələcəyi xəbər verən kor kahin Tiresi, Dioskurun Kastor və Polidevk adlı oğulları da vardı. Bir-birini həddən artıq sevən əkizlərin bu qardaşlıq məhəbbətinə mükafat olaraq Zevs onları göyə aparmış və əkizlər bürcünə çevirmişdir. Xironun doğma nəvəsi Peley və qəhrəman Heraklın özü də  onun yanında tərbiyə alıb böyümüşdülər.