Odlar Yurdu

Abşeron bağları

Qış fəsli öz dövrünü başa vurub günəş yeri isitməyə başlayanda, xüsusilə də  isti yay günlərində Bakı sakinlərinin əksəriyyəti Abşeron bağlarına üz tutur. Dənizli, qumlu, meynəli bağlar qışda nə qədər sakit olursa yayda bir o qədər qələbəlik yaşayır. 
 
Abşeron bağları tarixən insanların istirahət etdiyi yer kimi tanınıb. Nardaran və Buzovnadakı Xan bağları XVIII əsr Bakı xanlarından olan Mirzə Məhəmməd xanın və ailəsinin istirahət məkanı olub. Bu bağlar XIX əsrin sonu, XX əsrin əvvəllərində neft milyonçularının hesabına daha da inkişaf edib və populyarlaşıb. 
 
Abşeron bağları arasında ən qədimi Novxanı bağları sayılır. Qaynaqlara görə hələ 500 il əvvəl indiki Novxanıdan bir qədər aralı, Binəqədi duz gölünün yaxınlığında “Siyan” adlı kənd olubmuş. XVII əsrin ortalarında bu kənd dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb. Kəndin əhalisi indi Aşağıbaş adlanan yerdə məskunlaşıb və yeni evlər tikməyə başlayıb. 
 
Bağ evlərinə köçmək hər bir ailədə əlamətdar bir gün kimi qeyd olunar və bir çox adətlərlə müşaət olunardı. Belə adətlərdən çoxu bu günə gəlib çıxmasa da bir qismi hələ də yaşayır. Məsələn, bağa köçəndə və ya geri qayıdanda “Yurd halvası” çalınıb paylamaq adəti hələ də mövcuddur.
 
Qədimliyi ilə seçilən digər bir kənd də Nardaran kəndidir. XIII – XIV əsrlərə aid olan  Şirvanşahların yay iqamətgahının bu kənddə yerləşməsi onun qədimliyindən xəbər verir. Burada 10 metr dərinliyində bir quyu var ki, onun dibində şərqə və qərbə tərəf ayrılan iki yol görünür. Yerli əhali arasında yayılan rəvayətə görə guya quyunun dibindəki yollar Nardaran qalasına və məşhur Nardaran pirinə gedib çıxırmış. 
 
Abşeron bağları içərisində Mərdəkanın xüsusi yeri var. Bağ mövsümü yaxınlaşanda kəndin siması dəyişir, haylı-küylü olur. 
 
Abşeron bağlarından danışıb onun əvəzsiz təbii nemətlərindən söz açmamaq olmaz. Bu nemətlərdən birincisi Bakı bağlarının bal kimi şirin sarı ənciridir. Əncirdən mürəbbə bişirilir, qurudularaq çərəz kimi istifadə edilir. 
 
Əncirdən heç də geri qalmayan Abşeronun məşhur üzüm sortları, xüsusən Ağşanı və Qaraşanı bağların qumsal torpaqlarında yetişdirildiyindən daha şirin olur. Ağşanının şəkərliliyi 36 faizdən çoxdur. Başqa heç bir üzüm sortu şəkərlilikdə ona çata bilmir. 
 
Abşeronun digər qiymətli sərvətlərindən biri də zeytundur. Abşeron zeytunu öz  keyfiyyətinə görə dünyada məşhur idi. Həmişəyaşıl zeytun ağacı həm də güclü  küləklərinin qarşısını almaq üçün təbii sipər rolunu oynayırdı. 
 
Qızıla bərabər tutulan zəfəran bitkisi isə Abşeronun nadir sərvətlərindəndi. Abşeronun 10-dan çox kəndində əkilib-becərilməsinə baxmayaraq Bilgəh kəndində yetişdirilən zəfəran xüsusi şöhrət qazanıb. 
 
Mavi Xəzərin sahilində yerləşən Abşeron bağları təkcə təbii gözəlliyi, iqlimi və nadir nemətləri ilə deyil, həm də yerli sakinlərin qonaqpərvərliyi ilə də insanları cəlb edir.