Bu maraqlıdır!

Yer kürəsi nəyin üzərində dayanır?

Nə üçün cisimlər fırlanan Yer səthindən öz-özünə aralanmır? Planetlər nəyin üzərində dayanır? Nə üçün onlar Günəşin ətrafında hərəkət edir, lakin ondan kənara çıxmır? Biz bu həqiqətin kəşfinə görə ingilis alimi İsaak Nyutona borcluyuq. O, kainatın bütün cisimləri arasında cazibə qanununun mövcudluğu fikrinə gəlib. İ.Nyutonun kəşfi nəticəsində müəyyən olunub ki, müxtəlif xarakterli hadisələr, o cümlədən sərbəst cisimlərin Yer səthinə düşməsi, Ayın və Günəşin görünən hərəkətləri, okean qabarmaları  və digər bu kimi hadisələr təbiətin eyni bir qanunu - ümumdünya cazibə qanunu əsasında baş verir. 
 
Bu qanuna görə, kainatın bütün cisimləri, istər qum və ya noxud dənəcikləri, istərsə də daşlar və ya planetlər olsun, onların arasında qarşılıqlı cazibə qüvvəsi təsir göstərir. Bunu qravitasiya gücü də adlandırırlar. Qanun ilk baxışdan inandırıcı görünmür, çünki biz əhatə olunduğumuz cisimlərin bir-birini cəzb etdiyini gözlə görmürük. Lakin Yer kürəsi özünə istənilən cismi cəzb edir ki, buna heç kəsin şübhəsi yoxdur. Bəlkə bu, Yerin özünəməxsus cəhətidir? Xeyir, belə deyil. Əslində iki istənilən cismin cazibə qüvvəsi böyük deyil və məhz buna görə gözə çarpmır. Bununla belə, xüsusi təcrübələr əsasında onu aşkar etmək olar. 
 
Yalnız ümumdünya cazibə qanunu Günəş sisteminin sabitliyini, planetlərin və digər səma cisimlərinin hərəkətini izah edir. Yer kürəsi orbitdə Günəşin cazibə qüvvəsi əsasında dayanır. Planetin dairəvi hərəkəti iplə bağlanmış daşın hərəkəti kimi dövr edir. Qravitasiya gücü – səma cisimlərini müəyyən olunmuş istiqamətdə hərəkətə məcbur edən gözəgörünməz “kanatlardır”.
 
Dahi Nyuton nəinki cazibə qanununun mövcudluğunu, həm də cazibə qanununu, yəni bu qüvvələrin nədən asılı olduğunu kəşf edib.