Nağıllar, hekayələr

Rafiq İsmayılov. Yolda hadisə

Nihadla Natiq sinfə daxil olanda artıq ikinci dərs başlamışdı. Gülarə müəllimə qaşqabaqlı halda onlara baxıb soruşdu:

 

– Niyə dərsə gecikmisiniz?

 

Uşaqlar bir-birinin sözünü kəsə-kəsə danışmağa başladılar:

 


– Qoca qadın yeriyə bilmirdi...

 

– Hə, onun ayağı burxulmuşdu...

 

– Parkda yer buzlu idi, çox sürüşkən idi...

 

– Biz parkda görüşüb məktəbə tərəf gəlirdik...

 

– Təcili yardım maşını gəldi, qadını xərəyə qoyub apardılar...

 

– Hə, biz polisə xəbər verdik, o da təcili yardıma zəng elədi...

 

– O, birdən sürüşüb yerə yıxıldı...

 

– Bizdən qabaqda qoca qadın gedirdi...

 

– Biz ona kömək elədik ki, ayağa qalxsın...

 

Gülarə müəllim onların sözünü kəsdi:

 

– Bir dəqiqə susun. Mən sizin danışığınızdan heç nə başa düşmədim. Nəfəsinizi dərin və hadisələri ardıcıllıqla danışın.