Təbiət

Ekzotik meyvə: Kanistel

Vətəni Mərkəzi Amerika və Cənubi Meksika olan Kanistel - Sapotov (Sapotaceae) ailəsinə aid bir meyvədir. Bu meyvəyə həmçinin Sarı Sapota və ya Yumurta Meyvəsi də deyilir. Kanistel qaynadılmış yumurta sarısına bənzəyən, ləti qalın olan, sarı-narıncı rəngdə olan dadlı bir meyvədir. Braziliya, Filippin, Tayvan və Vyetnam kimi ölkələrdə də yetişdirilir. Kanistelin doğma vətəni isə Cənubi Meksika, Qvatemala, Beliz və Salvadordur. 


Kanistel çox yeməlidir, özünəməxsus şirin bir dadı var. Yumurta meyvəsindən mürəbbə, marmelad və kekslər hazırlanır. 


Kanistelin tərkibində çox miqdarda vitamin var. Tərkibi A və B vitaminləri ilə zəngindir: B3 Vitamini (Niasin), tiamin, riboflavin tərkiblidir. C vitamini (askorbin turşusu) isə az miqdardadır. Kanistel, şirinliyinə baxmayaraq az yağlı bir meyvədir və eyni zamanda kalorisi azdır. Yumurta meyvəsində insan orqanizmi üçün zəruri olan dəmir, fosfor, kalsium, amin turşuları lizin, triptofan və metionin də var. Kanisteldə olan stilbenlər və flavonoidlər iltihab əleyhinə, antibakterial və antitümor xüsusiyyətlərə malikdir.


Kanistelin tərkibindəki A vitamini görmə qabiliyyətini yaxşılaşdırır. Kanistel provitamin A karotenoidlərinin bir mənbəyidir. İnsan orqanizmində karotenoidlər birbaşa A vitamininə çevrilir, bu da görmə qabiliyyəti üçün çox vacibdir. 


Kanistel həmçinin həzmi yaxşılaşdırır. Bu meyvə həzm sistemini yaxşılaşdıran pəhriz lifi ilə zəngindir. Qəbizlik və bağırsaq nevrozu sindromunun müalicəsində istifadə olunur. 


Kanistel meyvəsini kal vəziyyətdə alıb ev şəraitində yetişdirmək mümkündür. Otaq temperaturunda tamamilə yetkinləşməsi üçün on gün lazımdır. Soyuducuda saxlanılırsa, iki ay təzə qalır. 


Kanisteli yemək üçün əvvəlcə meyvəni yarıya bölmək və çiyidləri çıxartmaq lazımdır. Ləti qaşıq ilə çıxarılır. Qabığı yeyilmir.