Xəbərlər

8 noyabr- Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

 

Bakı metrosu qapılarını ilk dəfə 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açıb.

 

İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.

 

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.

 

Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları əlavə olundu. 

 

2016-cı il aprel ayının 19-da isə Bakı metropoliteninin perspektiv inkişaf planının birinci prioritet istiqamətinə daxil olan Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin istifadəsinə verildi və bununla da metropoliten xətlərinin uzunluğu 36,6 kilometrə, xətlərinin sayı 3-ə, stansiyalarının sayı 25-ə çatdırıldı.