Şeirlər

Rəsul Rza. "Heyvanlar"

Tülkü

Tülkülər cürbəcürdür,

Qarası var, ağı var.

Çox yerdə sarı-kürən

Tülkülər yaşayırlar.

Gözləri, qulaqları

Xırda olur tülkünün.

Gizlənir yuvasında

Gündüzləri bütün gün.

Yatanda ayıq yatır,

Bir balaca səs onu

Yuxusundan oyadır.

Ova çıxır hər gecə,

Nə rast gəlsə aparır -

Qaz, ördək, toyuq, cücə.

Quyruğu yumyumuşaq,

Sarı rəng, uzun, yekə.

Bu ona həm balışdır,

Həm də yaxşı süpürgə.

 

Fil

Bu dişləri şirmayı fil

Ömür sürür neçə yüz il,

Qulaqları kürək kimi,

Ayaqları dirək kimi.

Hündürboydur, yoğunpaça,

Gözləri var bapbalaca.

Fil otyeyən dinc heyvandır,

Uzunca bir xortumu var.

Yerə düşmüş bir iynəni

Bu xortumla o qaldırar.

Hindistanda, Afrikada

Əhliləşmiş fillər olur.

Onlar çoxlu yük daşıyır,

Ağır gedir, gec yorulur.

İrigövdə bu heyvanın

Quyruğu çox gödək olur.

Uzaq, isti ölkələrdə

Ağ fillər də tək-tək olur.

 

Ayı

Bu yekəpər, boz ayı

Qış fəslində, üç ayı

Qar olanda çöl, bayır,

Kahasında yuxlayır.

Rahatlayıb yerini,

Sorur pəncələrini.

Çox sevirlər armudu,

Bir də balı ayılar,

Onların düşmənidir

İti sancan arılar.

Ayılar adam kimi

Qalxıb gəzə bilirlər.

Qıllı çoban itləri

Duyuq düşməsə əgər,

Oğurlayıb qoyunu,

Quzunu aparırlar.

Bir də gördün çobanlar

Hay-haray qoparırlar.

İtlər qalxıb hürüşür,

Ayı qorxuya düşür.

Ovunu atıb gedir,

Çaparaq gözdən itir.