Xəbərlər

Mina Abbasova - 2019-cu ilin gimnastı!

Macarıstanda yaşayan, saysız beynəlxalq turnirlərdə Azərbaycan bayrağı ilə çıxış edərək davamlı qələbələr qazanan 10 yaşlı Mina Abbasovaya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində “Azərbaycan–Ukrayna” Beynəlxalq Alyansının təsis etdiyi “2019-cu ilin gimnastı” nominasıyası üzrə mükafatı təqdim olunub.

 

AZƏRTAC xəbər verir ki, indiyə qədər iştirak etdiyi Avropanın müxtəlif arenalarında – Macarıstan, İtaliya, İspaniya, Almaniya, Rumıniya, Polşa, Sloveniya, Xorvatiya, Çexiya, Lüksemburq və başqa ölkələrdə, eyni zamanda, Azərbaycandakı yarışlarda 39 medala sahib olan balaca Mina görüşdə Macarıstanın paytaxtı Budapeştdə təhsil aldığı məktəbdəki uğurlarından, müəllimlərindən, idman karyerasından həvəslə danışıb. O, qış tətilində Bakıya gəldiyi üçün çox xoşbəxt olduğundan, burada doğmaları, dostları ilə gözəl vaxt keçirdiyindən, paytaxtımızı dünyanın ən gözəl şəhəri kimi ürəkdən sevdiyindən söhbət açıb, özü haqqında çəkilən “Balaca gimnast” sənədli filmini qurumun sədrinə hədiyyə edib.