Təbiət

Yazın əvvəlində açan nərgiz çiçəkləri

Nərgiz bəzək bitkisi olsa da, onun bir çox növləri mövcuddur. Yazın lap əvvəlində çiçək açdığına görə onu baharın müjdəçisi hesab edirlər. Yunan dilində “narkao” sözündən yaranan nərgiz sözü tərcümədə məst, sərxoş etmək deməkdir.

 

Çiçəyin ətri uzun müddət evdə saxlanılanda başağrılarına səbəb olur. Parfümeriyada onun təbii və sintetik yağı geniş tətbiq edilir. Yetişdirilən zaman xüsusi qulluq tələb etmir.

 

Nərgizin şirəsi zəhərli olduğundan çiçək yetişdirənlər onu digər dibçək bitkiləri ilə eyni qabda saxlamırlar, toksiki olduğuna görə nərgizi heyvanlar da yemir.

 

Elmi təbabətdə tətbiq edilməsə də, xalq təbabətində bir sıra şəfaverici xüsusiyyətlərinə görə istifadə olunur. Nərgizin çiçək, yarpaq və budaqlarından dərman kimi istifadə edilir. Onu günün ən isti vaxtında yığmaq lazımdır, çünki bitkinin müalicəvi gücü məhz həmin vaxt üzə çıxır.

 

Bəzək bitkisi olaraq istifadə edilməsi ilə yanaşı onun şəfalı təsirləri də var. XX əsrin əvvəllərində yapon alimləri nərgizdən alınan alkoloidlərin bəzi növ leykozların müalicəsində uğurlu nəticə verdiyini təcrübədə sınaqdan keçiriblər. 

 

Allergiyası olanlar və azyaşlı uşaqların ondan istifadə etməsi əks göstərişdir.