Xəbərlər

Güllə səsi altında təhsil alan şagirdlər

Ötən il Əhmədağalıda 14 məzundan 13-ü tələbə adını qazanıb ki, onlardan da dördü 500-dən yuxarı bal toplayıb.

 

Əhmədağalı kənd tam orta məktəbi Ağdam rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən təhsil ocaqlarındandır. Atəşkəsin tez-tez pozulmasına, düşmənin törətdiyi təxribatlara baxmayaraq, bu ucqar kənd məktəbində təhsilin səviyyəsi yüksəkdir.

 

AZƏRTAC-ın bölgə müxbiri düşmənlə üz-üzə fəaliyyət göstərən Əhmədağalı kənd tam orta məktəbinə gedərək pedaqoji kollektivlə və şagirdlərlə həmsöhbət olub, təhsil ocağının fəaliyyəti və uğurları ilə maraqlanıb.

 

Məktəbin müəllimi Zümrüd Məmmədova bildirib ki, 1991-ci ildə inşa edilmiş kənd məktəbi 2013-cü ildə əsaslı təmir olunub. Təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məktəb fizika və kimya laboratoriyaları, kompüter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, lazımi inventar və avadanlıqlarla təmin olunub. Burada 278 şagirdin təlim-tərbiyəsi ilə 49 müəllim məşğul olur.

 

Cəbhə xəttinin bir neçə addımlığında yerləşən kənd məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir. Məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. Son 10 ildə məktəbin 215 məzunu respublikanın müxtəlif ali məktəblərinə, 128 nəfər məzunu isə orta ixtisas məktəblərinə qəbul olub. Təkcə ötən dərs ilində məktəbi bitirən 14 məzundan 13-ü tələbə adını qazanıb ki, onlardan da dördü 500-dən yuxarı bal toplayıb. Məktəbin şagirdləri olimpiada, intellektual və idman yarışlarında da fəal iştirak edirlər.

 

"Şagirdlərimizin bu uğurları müəllimləri sevindirir, dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı bizi daha da ruhlandırır. Çalışırıq ki, şagirdlərimizə elm, bilik verməklə yanaşı, onların vətənpərvər ruhda böyüməsinə nail olaq, xalqımız, dövlətimiz üçün yararlı vətəndaş yetişdirək", - deyə Zümrüd müəllimə vurğulayıb.

 

Təhsil ocağı ilə tanışlıq zamanı siniflərdə dərs prosesini də izlədik. Məktəbdə şagirdlərin davamiyyəti yüksəkdir. On birinci sinifdə təhsil alan Emil Aslanov dərslərdə həvəslə iştirak etdiklərini deyib: “Tez-tez atəş səsləri eşidilsə də, hər gün məktəbə gəlirik, dərslərimizdən qalmırıq. Məktəbimiz təmas xəttinə yaxın məsafədə yerləşsə də, qorxmuruq, əsgərlərimizə güvənirik. Çalışırıq ki, dərsləri yüksək səviyyədə öyrənək. Təhsil nazirinin müavinləri Firudin Qurbanov və Məhəbbət Vəliyeva ötən il ayrı-ayrı vaxtlarda məktəbimizdə olublar. Dövlətimizin qayğısı bizi daha əzmlə çalışmağa, daha yaxşı oxumağa həvəsləndirir. Mən üçüncü ixtisas qrupuna hazırlaşıram. Ən böyük istəyim ali təhsil alaraq tarixçi olmaqdır".

 

Digər şagird Aytac Quliyeva isə dördüncü ixtisas qrupuna hazırlaşır. Onun istəyi isə Tibb Universitetinə qəbul olmaq, yüksəkixtisaslı həkim kimi doğma kəndində işləməkdir: "Sinfimizdə 19 şagird var. Hamımız söz vermişik ki, ali məktəblərə qəbul olaq, müxtəlif peşələrə yiyələnək. Çünki təmas xəttində yerləşən kəndimizdə müxtəlif ixtisaslı kadrlara böyük ehtiyac var. Odur ki, mən də həkim kimi kənd sakinlərinə xidmət etməyi qarşıma məqsəd qoymuşam. Məktəbimizdə ciddi nizam-intizam var, təhsilin keyfiyyəti yüksəkdir".

 

Ağdam rayonunun ucqar, təmas xəttinin bir neçə yüz metrliyində yerləşən Əhmədağalı kənd məktəbi əldə olunan uğurlara dövlətimizin qayğısı, yüksək nizam-intizam və pedaqoji kollektivin gərgin əməyi sayəsində nail olub. Əminik ki, şagirdləri bilikli və hərtərəfli şəxsiyyət kimi formalaşdırmağı qarşıya başlıca vəzifə qoymuş təhsil ocağı bundan sonra daha böyük uğurlara imza atacaqdır.