Təbiət

Güzgülü hörümçək

Mozaik güzgüdən hazırlanmış bir heykəl kimi görünən bu hörümçəklər Avstraliya və Sinqapurun evkalipt meşələrində yaşayır. Bu kiçik canlıların qarınları sanki kiçik güzgü lövhələri ilə örtülmüşdür. 

 

Sarı, yaşıl, gümüşü gözəlliyə sahib canlının erkəkləri 3 mm, dişiləri isə erkəklərdən daha 1 mm çoxdur. Ekzotik böcəklərin axtarışı ilə dünyanı gəzən tanınmış fotoqraf Niki Bay qeyd edib ki, hörümçəklərin güzgü lövhələrinin ölçüsü və rəngləri, onların emosional vəziyyətindən asılıdır. O, çox nadir hallarda görülən aynalı hörümçəyin gövdəsindəki güzgü lövhələrinin necə dəyişdiyini göstərən möhtəşəm görüntülər çəkib. 

 

Hörümçək hərəkət etdiyi zaman güzgülü sahələr kiçilir və ləkələrə bənzəyir. Dayandıqda isə, lövhələr daha geniş sahəni əhatə etmiş kimi görünür. Bir saatlıq istirahətdən sonra, güzgü lövhələri hörümçək bədəninin demək olar ki, bütün səthini doldurur. Bir müddət sonra isə güzgü lövhələri tamamilə birləşir. Qarın nahiyəsini əhatə edən, işığı əks etdirən güzgü lövhələri, nuklein turşularının bir hissəsi olan üzvi birləşmə olan guanindən ibarətdir.