Şeirlər

Mikayıl Rzaquluzadə. Nağıl

“Biri vardı, biri yox”
Dünyada ölkələr çox,
Ellər də, dillər də çox.
Hər ölkənin öz eli,
Hər bir elin öz dili,
Hər dilin öz nağılı-
Çeşid-çeşid, rəngbərəng,
Biri-birindən gözəl,
Biri-birindən qəşəng...

 

Nağıl mahnıya bənzər,-
Nəğmətək eldən-elə,
Nəğmətək dildən-dilə, 
Bütün dünyanı gəzər
Nağıl məclislər bəzər.

 

Nağıl min illər yaşar,
Dərin dənizlər keçər,
Uca dağlardan aşar,
İllərlə, yüzillərlə
Nağıl dolduqca yaşa,
Nə qocalar, nə ölər
Getdikcə cavanlaşar.

 

Uzaq-uzaq çağlarda
Çağdaşı var nağılın.
Uzun-uzun yollarda,
Yoldaşı var nağılın.
Hər dildə dildaşı var,
Hər yerdə bacısı var,
Qardaşı var nağılın.

 

Min illər yaşasa da,
Köhnəlməz, təzələnər.
İllərin ələyindən,
Dillərin ələyindən,
Yüzlərcə nəsillərin
Ellərin ələyindən
Keçər...
Yaxşısı qalar-
Yamanı tez ələnər.

 

Hər yerdə, hər məkanda,
Hər çağda, hər zamanda,
Nağılı “nəql eyləyən”
Candan sevib söyləyən
Öz qanından, canından
Ona təzə can verər,
Ya onu təzələyər,
Ya təzə nağıl deyər.
Yaxşı nağıl deyəni
Yaxşı dinləyər hamı
Nağılsız keçməz elin
Nə toyu, nə bayramı.