Təbiət

Dəniz inəyi -Steller

Dəniz inəyi, Steller inəyi, həmçinin Kələm yeyən (lat. Hydrodamalis gigas) kimi tanınan bu heyvan - nəsli kəsilən, Sirenlər dəstəsinə daxil olan məməli növüdür. Dörd növü qeydə alınan bu otyeyən məməlilər suda yaşayıb, dayaz sahil zonasında yosunlar və dəniz otları ilə qidalanıblar.


Xarici görünüş baxımından bütün stellerlər bir-birinə bənzəsələr də, çəki baxımından hazırda yaşayanlardan üstün olublar. Canlının bədəni kök və ovalvari, bədəninə nisbətən başı olduqca kiçik olub. Başlarını aşağı və yanlara əymək qabiliyyətinə malik olublar. Xarici görünüşcə bir az suitini xatırlatsa da, suitilərdən fərqli olaraq, steller inəyinin quruda hərəkət etmə qabiliyyəti olmayıb. 


Dərisi tüksüz və qalın olub. İlk baxışdan dəri köhnə palıd ağacının qabığını xatırladıb. Rəngi boz, tünd-qəhvəyi olub, bəzən də ağ ləkələr və zolaqlar müşahidə edilib. Bu canlıları araşdıran alman alimlərindən biri onların dərisinin elastiklik və möhkəmlik baxımından avtomobil təkərinin rezinlərini xatırlatdığını bildirib. Dərinin bu quruluşa malik olması ola bilsin ki, onun yaşadığı daşlıq ərazilərlə bağlı idi.


Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanıb. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olub. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilib.


Steller inəkləri nəhəng ölçülərə malik olub. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan geri qalıb. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olublar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olub. Əsasən sahil boyu ərazilərdə yayılıblar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçiliblər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarıb. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2000 ədəd təşkil edib.


Sahil zonalarında kiçik qruplar şəklində yaşayıblar. İl ərzində ancaq payızda bir bala doğulub. Hamiləlik müddəti bir ili keçirdi. Erkəklər dişilərə nisbətən iri olublar. Yaxşı eşitmə orqanlarına malik idilər. 


Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanıb. Heyvan haqqında ilk ətraflı məlumat verən ekspedisiyanın həkimi Georq Steller olub. Elə onun soyadına uyğun da canlıya “Steller inəyi” adı verilib.


Yeni növ olaraq dəniz inəyini alman zooloqu Simmerman 1870-ci ildə qeydə alıb. Növün latın dilində adı “Hydrodamalis gigas”-su inəyi olub. Bu ismi canlıya 1794-cü ildə isveç bioloqu Anders Yahan Retzius verib. 


Bu canlıların araşdırılmasında norveç əsilli ABŞ zooloqu Leonard Şteyneqerin böyük rolu olub. O, 1882-1883-cü illərdə Komador adalarında tətqiqatlar aparıb. O, çoxlu sayda dəniz inəyinin sümüklərini toplaya bilib.


Hal hazırda növlərin sümükləri müntəzəm olaraq Komandor adalarının sahillərində tapılır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.