Bu maraqlıdır!

Valideynlər üçün COVİD-19 alovlanması müddətində davranışla bağlı məsləhətlər

Koronavirus xəstəliyi (COVİD-19) pandemiyası dünyanın bir çox yerlərində ailələrin həyatını tamamilə dəyişib. Məktəblərin bağlanması, evdən işləmək, fiziki məsafə saxlamaq - bunları həzm etmək hər kəs, xüsusilə də valideynlər üçün çətindir.

Lakin  mövcud vəziyyət övladlarımızla daha yaxşı münasibətlər qurmağa imkan verir. Təkbətək vaxt sərbəst və əyləncəlidir. Bu, uşaqların sevildiklərini hiss etmələrinə kömək edir və onlara önəmli olduqlarını göstərir.

Hər bir uşaq üçün vaxt ayırın.
Cəmi 20 dəqiqə və ya daha uzun ola bilər - özümüzdən asılıdır. Bunu hər gün eyni vaxta təyin etmək olar ki, uşaqların və yeniyetmələr həmin vaxtı səbirsizliklə gözləsinlər.


Uşağınızdan nə etmək istədiyini soruşun.
Seçim imkanı onların özünəinamını artırır. Onların etmək istədiyi şey fiziki məsafə saxlamaq baxımından məqsədəuyğun deyilsə, bu, onlarla bu barədə danışmaq üçün fürsətdir.


Körpənizlə vaxt keçirmək üçün ideyalar:


Onların üz ifadələrini və səslərini yamsılayın.
Mahnılar oxuyun, qazan və qaşıqlarla musiqi düzüb-qoşun.
Fincanları və ya kubikləri üst-üstə yığın.
Nağıl danışın, kitab oxuyun və ya birlikdə şəkillərə baxın.
 
Azyaşlı uşağınızla vaxt keçirmək üçün ideyalar:


Kitab oxuyun və ya şəkillərə baxın.
Çöldə və ya evin ətrafında gəzintiyə çıxın.
Rəqs edin və ya mahnılar oxuyun!
Ev işlərini birlikdə görün - təmizlik və yemək bişirməyi oyuna çevirin!
Ev tapşırıqlarında kömək edin.
Yeniyetmə övladınızla vaxt keçirmək üçün ideyalar
Xoşladığı bir şey haqqında danışın: idman, musiqi, məşhurlar, dostlar.
Çöldə və ya evin ətrafında gəzintiyə çıxın.
Onların sevdiyi musiqinin müşayiəti ilə birlikdə idman edin.
Televizoru və telefonu söndürün. Onlara qulaq asın, onlara baxın. Bütün diqqətinizi onlara kökləyin. Əylənin!

 

Uşaqlarımız və ya yeniyetmə övladlarımız bizi dəlilik həddinə çatdıranda pozitivliyi qorumaq çətindir. Biz çox zaman dözməyib "Bəsdir, qurtar bunu!" deyirik. Lakin uşaqlar o zaman bizim dediklərimizi yerinə yetirməyə daha çox meylli olur ki, biz onlara pozitiv təlimatlar verir, düzgün etdikləri şeyə görə tərifləyirik.

Nə cür davranış görmək istədiyinizi bildirin.
Uşağınıza nəyisə etməyi deyəndə pozitiv sözlərdən istifadə edin; məsələn, "Zəhmət olmasa, paltarlarını yığışdır" ("Hər tərəfi dağıtma" əvəzinə).


Hər şey çatdırma tərzindən asılıdır.
Uşağın üstünə qışqırmaq sizin və onların stressini və əsəbini daha da gücləndirəcək. Uşağın diqqətini çəkmək üçün adı ilə çağırın. Sakit tonla danışın.


Uşağınız özünü yaxşı aparanda tərifləyin.
Azyaşlı və ya yeniyetmə övladınız nəyisə yaxşı edəndə, buna görə onu tərifləməyə çalışın. Onlar bunu göstərməyə bilər, lakin siz həmin yaxşı şeyi yenidən edəcəyini görəcəksiniz. Bu, onları sizin ona fikir verdiyinizə və diqqət yetirdiyinizə əmin edəcək.


Realist olun.
Uşaq sizin ondan xahiş etdiyiniz şeyi həqiqətən edə bilərmi? Uşaq üçün bütün gün evin içində sakit dayanmaq çətindir. Amma ola bilər ki, siz telefonla danışarkən 15 dəqiqə sakit qala bilsinlər.


Uşağınızın digərləri ilə əlaqədə qalmasına kömək edin.
Yeniyetmələrin dostları ilə ünsiyyətdə olmaq ehtiyacı xüsusilə yüksəkdir. Yeniyetmə övladınızın sosial media və digər təhlükəsiz məsafəli vasitələrlə əlaqədə olmasına kömək edin. Bu da sizin birlikdə edə biləcəyiniz bir şeydir!

 

COVİD-19 bizim gündəlik iş, ev və məktəb rejimlərimizi əlimizdən alıb. Bu, həm uşaqlar, həm yeniyetmələr, həm də sizin üçün çətindir. Yeni rejimlər yaratmaq köməyinizə gələ bilər.

Uyğunlaşdırıla bilən, lakin stabil gündəlik rejim yaradın.
Özünüz və uşaqlarınız üçün qrafik hazırlayın. Bu qrafikdə həm planlaşdırılmış fəaliyyətlər, həm də asudə vaxt olmalıdır. Bu, uşaqların özlərini etibarlı əllərdə hiss etməsinə və daha yaxşı davranmasına kömək edə bilər.
Uşaqlar və yeniyetmələr gündəlik rejimi planlaşdırmağa kömək edə bilər - məsələn, dərs cədvəlinin hazırlanmasında. Uşaqlar qrafikin hazırlanmasına kömək etsələr, ona daha yaxşı əməl edəcəklər.
Hər gün üçün idman məşğələsi daxil edin - bu, stressi azaltmağa və evdə enerji dolu uşaqlarla məşğul olmağa kömək edir.

 

Uşağınıza təhlükəsiz məsafənin saxlanmasını öyrədin.
Ölkənizdə qadağa yoxdursa, uşaqları çölə çıxarın.
Siz həmçinin adamlarla bölüşmək üçün məktublar yaza və şəkillər çəkə bilərsiniz. Digərlərinin görməsi üçün onları evin çölündən asın.
Uşağınızı sakitləşdirmək üçün təhlükəsizliyi necə təmin etdiyiniz barədə danışın.
Onların təkliflərinə qulaq asın və onları ciddiyə alın.

Əl yumağı və gigiyenanı əyləncəyə çevirin.
Əlləri yumaqla bağlı 20 saniyəlik mahnı düzüb-qoşun. Hərəkətlər əlavə edin!
Uşaqlarınıza mütəmadi əl yuduqlarına görə xal verin və tərifləyin.
Üzümüzə ən az toxunmaqla oyun yaradın və ən az sayda toxunan üçün mükafat təyin edin (bir-birinizi saya bilərsiniz).

 

Uşaq öz davranışında sizdən nümunə götürür.
Əgər siz özünüz təhlükəsiz məsafə və gigiyena qaydalarına əməl etsəniz və digərlərinə, xüsusilə xəstə və ya zəif olanlara empatiya ilə yanaşsanız, uşaqlarınız və yeniyetmə övladlarınız da bunu sizdən öyrənəcəklər.

 

Hər günün sonunda günün necə keçdiyi barədə danışmaq üçün vaxt ayırın. Uşağınıza bu gün onların etdiyi bir müsbət və ya əyləncəli şeyi deyin. Özünüzü də etdiyiniz yaxşı bir şeyə görə tərifləyin. Sizə afərin!

 

Bütün uşaqların yaxşı davranmadığı vaxtlar olur. Uşaqların yorulması, acması, qorxması və ya müstəqilliyi öyrənməsi normaldır. Evdə qaldığımız müddətdə onların etdikləri bizi dəlilik həddinə çatdıra bilər.

 

Diqqəti yayındırın.
Pis davranışı erkən müəyyən edin və uşaqlarınızın diqqətini pis davranışdan yaxşı davranışa istiqamətləndirin.
Başlamamış dayandıra bilərsiniz. Onlar narahat davranmağa başlayanda, siz maraqlı və ya əyləncəli bir şeylər diqqətini yayındıra bilərsiniz: "Gəl, gedək çöldə gəzək!"

Pauza verin.
Qışqırmağınız gəlir? Özünüzə 10 saniyəlik pauza verin. Beş dəfə nəfəs alıb-verin. Daha sonra sakit bir şəkildə cavab verməyə çalışın. Milyonlarla valideyn deyir ki, bu, çox kömək edir!


Cavab tədbirlərindən istifadə edin.
Uşaqların etdiyi şeylərə görə cavab tədbiri onlara etdikləri şeyə görə məsuliyyətli olmağı öyrədir. Onlar həmçinin nəzarət altında intizam tədbirinə icazə verir. Bu, vurmaqdan və ya çığırmaqdan daha effektivdir.

Uşağınıza cavab tədbiri tətbiq etməzdən əvvəl onlara dediyinizə əməl etmək seçimi verin.
Cavab tədbirini görərkən, sakit qalmağa çalışın.
Cavab tədbirini qısamüddətli etməyə çalışın. Məsələn, uşağı bir həftəlik telefondan məhrum etmək çətindir. Lakin telefonu bir saatlıq almaq daha realdır.
Cavab tədbiri bitəndən sonra, uşağınıza yaxşı bir şey etmək imkanı verin və buna görə onu tərifləyin.
Təkbətək vaxt, yaxşı davranışa görə tərifləmək, stabil rejimlər pis davranışı azaldır. Azyaşlı və yeniyetmə övladlarınıza sadə işlər həvalə edin. Onlara edə biləcəkləri bir şey tapşırın və bunu edəndə onları tərifləyin!

 


Stressli vaxtlardır. Özünüzün qeydinə qalın ki, uşaqlarınıza kömək edə biləsiniz.