Şeirlər

Ənvər Əlibəyli. İlan və qurbağa

Günlərin bir günündə
Bir zalım İlan
Bir Qurbağa tutmuşdu
Göl qırağından.
Qışqırırdı Qurbağa,
Hey dad edirdi.
Dağa-daşa səs salıb,
Fəryad edirdi:
- Zalım İlan canımı
Alacaq indi!
Balalarım, ah, yetim
Qalacaq indi!

Haray, haray, ay haray!
Onun əlindən!
Gözləyin özünüzü
Pis əməlindən.
Gülümsəyərək İlan
Dedi: - Ay axmaq,
Çığırmaqla əlimdən
Olmaz qurtarmaq!
Onsuz da yeyəcəyəm
Səni, ay yazıq,
Nə üçündür bu qədər
Haray, qışqırıq?
Qurbağa da İlana
Dedi: - Ay cəllad,
Xilas olmaq üçün mən
Etmirəm fəryad,
Qoy məhv olsun
Qəlbimin arzusu, kamı.
İstəyim budur: səni
Tanısın hamı.
Bilsinlər ki, alçaqsan,
Zalımsan yaman.
Heç zaman əl çəkmirsən
İlanlığından.
Əlində başqaları
Getməsin bada.
Heç kəs yaxın düşməsin
Sənə dünyada!