Xəbərlər

Balakəndə sərbəst güləş üzrə xatirə turnirində 160 idmançı mübarizə aparıb

Balakən, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

 

 

Balakən Olimpiya İdman Kompleksində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan sərbəst güləş üzrə açıq rayon turnirinə yekun vurulub. Yanvarın 13-dən 15-dək davam edən yarışda respublikamızın 5 şəhər və rayonunu təmsil edən 160-dək yeniyetmə güləşçi iki yaş qrupu üzrə 13 çəki dərəcəsində mübarizə aparıb.

 

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

 

İdarənin tədbirlər planına uyğun olaraq keçirilən turnirin yekununda komanda hesabında Balakən güləşçiləri birinci yeri tutublar. Qax rayonunun və Mingəçevir şəhərinin təmsilçiləri turniri ikinci və üçüncü pillədə başa vurublar.

 

Qalib komandalar kubok, diplom və medallarla mükafatlandırılıb.