Şeirlər

Hikmət Ziya. Dəvənin balasıyla söhbəti

Dəvənin boz balası,
Özütək düz balası
Bir gün öz atasına
Söylədi yana-yana:
— Ay ata, yoldaşlarım,
Ay ata, tay-tuşlarım,
Mənə lağ eləyirlər,
Mənə belə deyirlər:
— Nə eybəcər belin var,
Belində qozbelin var.
Tənə edib o ki var
Məni kiçik sanırlar.
Dəvə dedi: — Qadası,
Atasının balası,
Ürəyini qısmasın
Qəlbə toxunanların
Bu cür dedi-qodusu!
Öyün, atan kimi sən,
Uzaqsan hər hiylədən.
Çaqqal kimi hinlərə
Girmək adətin yoxdur.
Qurdtək acgöz deyilsən,
Gözün həmişə toxdur.
Sürünün qoyununa,
Quzusuna dəymirsən.
Tülkütək tülkülüklə
Heç kəsə baş əymirsən.
İlan kimi bir kəsi

Çalmaq deyil adətin.
Ayıtək arıdan bal
Ummaq deyil sənətin.
Cilddən cildə girmirsən
Buqələmun sayağı.
Qırxayaqtək hər səmtə
Addımlamır ayağın.
Qarışqayeyən kimi
Kiçikləri yemirsən.
Porsuqtək piylənərək
«Mən var olum» demirsən.
Donuz kimi eşmirsən
Palıdın kökünü sən.
Nolar, əyri belin var,
Nə olar, qozbelin var.
Fəxr et, atan kimi sən
Hər vaxt xasiyyətinlə.
Daimi adətinlə
Əyrü-üyrü deyilsən.
Atan kimi çətin yol
Seçməyinlə fəxr elə,
Hərdən səhranı susuz
Keçməyinlə fəxr elə.
Əlinin əməyilə,
Zəhməti sevməyinlə
Fərx elə mənim balam,
— Heç vaxt kiçik sanılmaz
Bax, bu yolla ucalan!