Şeirlər

Ə. Kürçaylı. Bizim planet

Meteor selini keçib sürətlə
Lacivərd göylərə insan saldı iz,
Baxıb ucalıqdan Yerə heyrətlə,
Dedi: — Nə gözəldir planetimiz!

 

Gözünə işıqlar dəydi birinci,
İşıqlar — qırmızı, yaşıl, ağ, sarı,
Hərəsi bir yaqut, zümrüd, bir inci,
Süzdü gözdolusu bu işıqları.

 

Gözünə silsilə dağlar göründü
Karvana düzülmüş dəvələr kimi.
Dağların döşündən duman süründü
Təzə iməkləyən nəvələr kimi.

 

Göründü insana dənizlər, göllər
Yeni qalaylanmış tava kimi ağ,
Göründü arpalı, buğdalı çöllər, —
Sanki zəfərandır Yerdə bir tabaq.

 

İnsan bir qürurla süzdü bunları,
Süzdü ulduzların bərabərindən.
Dedi:—Nə gözəldir bizim Yer şarı!
Baxdı, köks ötürdü insan dərindən.

 

Birdən çöhrəsini bürüdü kədər,
Dolandı başına onun kosmos da.
Qorxdu — bu gözəllik məhv ola bilər,
İynə batmış kimi partlar bu «kos» da!

 

İnsan bilirdi ki, Yer kürəsində,
Qucağı doludur arsenalların.
Ölüm qorxusu var buz nəfəsində,
Qarımış, qartımış generalların.

 

Səmadan görünən zümrüd meşənin,
Qoynunda torpaq var, —insan bilirdi.
Düzlərə çiçək yox, raket döşənib,
Raketlər danışar — insan bilirdi.

 

Bilirdi neytron, atom haçaqdır,
Yatır yuvasında bir ilan kimi

Töküb zəhərini sıçrayacaqdır,
O, «qış yuxusu»ndan ayılan kimi.

 

Bilirdi altında qayıqlar üzür,
Qalaylı tavaya bənzər dənizin.
Bilirdi od yüklü təyyarə süzür,
Lacivərd qoynunda göylərimizin.

 

Bunları görmüşdü insan min kərə,
O, Yerdən gəlmişdi, burda uçsa da.
Bilirdi yenə də dönəcək Yerə,
Ulduz aləmində qanad açsa da.

 

Kimsəsiz qoynundan uçan daşların,
İnsan var səsiylə qışqırdı birdən:
Ey Yer kürəsinin vətəndaşları,
Kosmosdan seyr etdim bu torpağı mən.

 

Necə də sakitdir meşə, dəniz, dağ!
Kaş bu ucalıqdan görəydiniz siz.
Gəlin onu belə sakit saxlayaq,
Nə qədər gözəldir planetimiz!