Şeirlər

B. Vahabzadə. Şəki

Bir nəğmə qoşmadım hələ mən sənə,
Dağlar bunu mənə kəsir sanmasın.
Mən dedim, vurğunam Azərbaycana,
Deyirəm, heç zaman xırdalanmasın
Könlümdən ucalan bu avaz, bu səs.
Böyükdür, ucadır məsləkim mənim.
Bala anasına "sevirəm" deməz,
Mən də deməmişəm, a Şəkim, mənim.
Sən öz keçmişini daim qorudun,
Babamın şöhrəti yaşayır səndə.
Bu eşqə eşq olsun!
Dünənlə bu gün
Çiyin-çiyinədir küçələrində...
Mən sənə borcluyam öz balan kimi,
Çox da ki şeirimdə görünmür adın.
Mənim oxuduğum nəğmələrimi,
Mənim qulağıma sən pıçıldadın.
Şerimin mayası - bu qaynar nəfəs
Sənin öz çiçəyin, sənin öz barın.
Şerimdə dil açıb danışımı bəs,
Sənin bulaqların, göy çinarlarən?
Mən həm bakılıyam, həm lənkəranlı,
Gəncəli, qubalı, həm naxçıvanlı.
Şəkili, şirvanlı, qarabağlıyam,
Bütöv Vətənimə bütöv bağlıyam.
Mən sənin qoynunda gəldim cahana,
Məni bəxş elədin Azərbaycana.
Həmişə mən sənin həndəvərində
Üçan bir quşam.
Bir eldə doğulub
xoşbəxtəm ki, mən
Böyük bir Vətənə oğul olmuşam.