Görkəmli şəxsiyyətlər

Cotto di Bondone

Cotto di Bondone (it. Giotto di Bondone) – Orta əsr İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı olub. Bəzi mənbələrə görə , məhz  Cottonun əsərləri vaxtilə Leonardo da Vincini, Rafaeli və Mikelancelonu ilhamlandırıb.

 

Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Cottonun həyat və əsərlərini araşdıran salnaməçi Giorgio Vasari, rəssamın atasının Vespinyanodan olan bir kəndli olduğunu iddia edirdi, ancaq əksər dəlillərə görə o, dəmirçiliklə məşğul idi.

 

Di Bondonenin uşaqlığı haqqında müxtəlif əfsanələr yazılıb, bəzilərinə görə balaca çoban qoyun otararkən bir daş üzərində rəsm çəkmiş və Toskan ustası Çenni di Peponun (Çimabuenin) diqqətini çəkmişdir. Sonra məşhur rəssamın tələbəsi olan Cotto ustasını belə sənəti ilə üstələdi. 

 

1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır.

 

Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir. Siyena məktəbi çərçivəsində yaranmış əsərlərdə qotika və Bizans sənətinin təsiri çox güclü olmuşdur. Elə buna görədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya, çox vaxt qızılı rəngdə, təsvirlər isə dekorativ və kiçildilmiş ölçülərdədir. Siyena məktəbinin ən görkəmli nümayəndələri Duçço, Simone Martini və Ambrocco Lorensetti kimi boyakarların yaradıcılığı məhz bu keyfiyyətləri ilə fərqlənir.

 

Di Bondonun əsərləri ilə əlaqəli faktlarla yanaşı, onun son illəri haqqında demək olar ki, məlumat yoxdur. O, 1337-ci ilin yanvar ayında dünyasını dəyişib. Ölüm səbəbi məlum deyil.