Xəbərlər

20 İyun – Ümumdünya Qaçqınlar Günüdür

BMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

 

BMT-nin açıqlamasına görə hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir. Bu isə heç də təsadüfi deyil. Belə ki, Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, tarixi torpaqlarına təcavüz edilib, nəticədə minlərlə soydaşımız qaçqına çevrilib. Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar. Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Ahıska türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.

 

Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanda mövcud olan 12 çadır düşərgəsinin 5-i 2003-cü ildə, 7-si isə sonrakı 4 ildə ləğv olunub. 2007-ci il dekabrın 24-ü Azərbaycan tarixinə, həm də son çadır düşərgələrinin ləğvi kimi düşüb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" nın və sonradan həmin Dövlət Proqramına 31 oktyabr 2007-ci il, 21 fevral 2011-ci il tarixli sərəncamlarla təsdiq olunmuş əlavələrin icrasında uğurlu işlər görülüb.

 

Fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev Fondu da məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışıb. Dövlət proqramına uyğun olaraq, məcburi köçkünlərin "böyük qayıdışı" layihəsi də artıq hazırdır. Bu proqram müxtəlif nazirliklər, dövlət komitələri və beynəlxalq təşkilatlar tərəfindən razılaşdırıblar. Layihə işğal altında olan Azərbaycan torpaqlarının azad olandan sonra həyata keçiriləcək. Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə təqiblərə məruz qalır.