Xəbərlər

Biliklər və elm aləminə virtual səyahət etmək istəyirsinizsə...

19.09.2013. Gənclər və İdman Nazirliyi Azərbaycanın bir sıra şəhər və rayonlarında “Biliklər və elm aləminə virtual səyahət” layihəsi həyata keçirir. Layihə çərçivəsində “Atmosfera 360” sferik kinoteatrlarında maarifləndirici-animasiya filmləri nümayiş etdirilir. Filmlər proyektorlar vasitəsi ilə 360 dərəcəli görüntülü kürə şəkilli tavana salınır. Tamaşaçılar ən yeni texnologiyalar vasitəsi ilə okeanların dərinliklərinə, başqa planetlərə və bütün kainata virtual səyahət edirlər.

 

 “Atmosfera 360” sferik kinoteatrlarında iki film nümayiş etdirilir – “Kaluokahina. Tilsimlənmiş rif” və “Kainatın sahibləri”. Hər iki film maarifləndirici və əyləncəli xarakter daşıyır.

 

“Kaluokahina. Tilsimlənmiş rif” filmini izləyərkən, tamaşaçı okean dərinliklərinə baş vurur. Oradakı heyrətamiz, qeyri-adi gözəlliyə malik olan canlıları görmək imkanı qazanır. Film Kaluokahina rifinin sakinləri olan balıq və digər okean canlılarının öz riflərini insanlardan qorumasından bəhs edir. Film maarifləndirici epizodlar və şən yumorla zəngindir.

 

“Kainatın sahibləri” filmi isə xüsusi effektlər, musiqi və inanılmaz kompüter qrafikası vasitəsi ilə tamaşaçını göylərə, açıq kosmosa aparır. Seyrçidə belə bir hiss yaranır ki, sanki o, zalda əyləşməyib, kanyonlara baş  vurur və açıq kosmosda uçur. Film kainatın böyük partlayışdan yaranması və keçdiyi təkamül yollardan  bəhs edir.

 

Sferik kinoteatrlara giriş sərbəstdir. Gün ərzində 5-6 seans nümayiş etdirilir və regionların bütün yeniyetmə sakinlərinə filmləri seyr etmək imkanı yaradılır. Filmlər Azərbaycan dilində səsləndirilir.

 

Biliklər və elm aləmində virtual səyahət etmək istəyirsinizsə bu layihədən yararlanın.