Nağıllar, hekayələr

İradə Aytel. “Əlləri yeyilən tort”

Siracın ad günü idi. Anası böyük, qəşəng bir tort bişirdi. Tortun üzü sarı, qırmızı, çəhrayı, ağ güllərlə bəzədilmiş, güllərin ətrafında isə yaşıl rəngli krem yarpaqlar düzülmüşdü. Sirac məktəbə getməsə də,  hərfləri tanıyırdı. Bilirdi ki, bu güllərin arasında adı yazılıb. O, səbirsizliklə qonaqların gəlməsini gözləyirdi. Eyni zamanda, tortun üzərinə düzülmüş şamları dönə-dönə Sübhana göstərir, bu gün onun neçə yaşının tamam olmasını kiçik qardaşına başa salmağa çalışırdı:
- Bax, qaqa, mənim beş yaşım var, ona görə də burada beş dənə şam var.

 

Sübhan isə balaca, totuq barmaqlarını ha saysa da Siracın yaşını doğru-düzgün göstərə bilmirdi.

 

Sirac qardaşını daha yaxşı başa salmaq üçün babasının ona aldığı say çöplərini gətirməyə getdi. Geri dönəndə Sübhanın barmaqlarının rəngli kremlərə bulaşdığını gördü. Sübhan iştahla barmaqlarını yalayırdı. Sirac tez anasını səslədi:
-        Ana, ana, tez gəl, Sübhan tortun üzünü yedi, ana!

 

Anası mətbəxdən gələndə Sübhan qaş-qabağını tökərək küsmüş halda qardaşına baxdı və anasına:
-        Ana, mən tortun üzünü yemədim, bir bax, hamsı durur.

 

Mən eləcə əllərini yedim, - deyib, tortun kənarlarını göstərərək, şəhadət və baş barmağının ucu ilə tortdan kiçicik bir hissə qoparıb ağzına apardı və marçıltı ilə yeməyə başladı.

 

Ana hər iki oğlunun üzündən öpərək tortu yenidən kremlədi.