Nağıllar, hekayələr

Gülzar İbrahimova. Tülkü balası

Biri vardı, biri yoxdu, Əhməd və Məmməd adlı iki mehriban qardaş vardı. Qardaşlar tanınmış dulusçu idilər. Düzəltdikləri saxsı qabların şöhrəti dildən-dilə düşmüşdü. Ona görə də çox varlanmışdılar.

Böyük qardaş Məmməd, əvvəl kiçik qardaşını evləndirib, sonra özü evləndi. Əhmədin arvadı Fatma həm gözəl, işgüzar, həm də xoşxasiyyət idi. Məmmədin arvadı Səlbi isə kinli, qaraqabaq, deyingən və tənbəl idi. Əli belində gəzər, bütün günü əmr verər, özü iş görməzdi. Qulluqçudan xoşu gəlməz, qulluqçu əvəzi Fatmanı işlədərdi. Fatma abırına qısılıb səsini çıxarmaz, işlərin hamısını görər, “yoruldum” deməzdi. Birdən kimsə çaşıb Səlbinin yanında Fatmaya “göyçək”, ya bir başqa xoş söz desəydi, evdə adam olmayanda Səlbi gəlini acılayar, ağladardı. Fatma da söz-söhbət olmasın deyə, bunu heç kəsə deməzdi.

Qardaşlar dövlətli olsalar da, onların böyük bir dərdləri var idi. Övladları olmurdu.

Bir gün Fatma hamıya şad xəbər verdi:

- Gözünüz aydın, övladımız olacaq!

Hamı sevindiyindən, Səlbi isə hikkəsindən ağladı. O gündən evdə daha dadlı yeməklər bişmədi. Məmməd:

- Niyə bu xörək belə dadsızdır? ‒ soruşanda, Səlbi deyirdi:

- Gəlin hamilədir, çox yeyər, uşaq kökələr, rahat doğulmaz! 

Paxıl Səlbi hamilə gəlini bütün günü rəhmsizcə işlədər, axşam Məmməd və Əhməd işdən gələndə isə özünü yorulmuş göstərərdi. 

Elə ki, doqquz ay, doqquz gün, doqquz gecə keçdi, Fatmanın totuş, şirin bir oğlu oldu. Hamı sevindi, Səlbi isə bikef oldu. O, uşağın səsi gələndə hikkəsindən başını tutub qışqırırdı:

- Kəsin onun səsini, başım partladı, başım çartladı.

Əhməd oğlunun boynuna qızıl boyunbaq bağlayıb ona Afər adı verdi. Uşaqdan sonra Fatma elə gözəlləşmişdi ki, üz-gözündən xoşbəxtlik yağırdı. Səlbi paxıllıqdan bütün günü deyinirdi: "Bir buna bax, üzünə o qədər ənlik-kirşan çəkib gözəl görünsün, mənə acıq versin. Nə dərdi var, uşaq böyüyəcək, iki qardaşın ikisinin də var-dövlətinə sahib çıxacaq?!

Sən öləsən! Ölmüşdü Səlbi! Küçüyün biri, küçük! Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım! Gəlmisən ki, bütün qızıllara sahib çıxasan?! Daha demirsən, mənə də Səlbi deyərlər! Sənə bir divan tutum ki, var-dövlətə, ata malına həsrət qalasan! Üzün gülməsin!".

Adam yanında isə uşağı belə sevərdi: "Canım sənə qurban, ay Afər, başına dönüm, ay Afər!".

Uşaq anadan olandan üç gün keçdi. Səlbi daha dözə bilmirdi.

Səbr kasası dolmuşdu. Elə üçgünlük körpənin müsibəti də burdan başladı. 

Səlbi istəyirdi körpəni aparsın meşəyə canavarlara yem eləsin. Ona görə gecə hamı yuxuya gedən kimi yatmış körpəni oğurlayıb meşəyə yollandı. Meşənin sıx yerində uşağı yerə qoydu. Qayıtmaq istəyəndə qarşısına yekə, qorxulu bir ayı çıxdı.

Ac ayı istədi arvadı parçalasın, yanında körpəni görəndə ona dəymədi.

Səlbi sevincək evə qaçıb, tez yatağına girdi.

Səhər hamıdan tez oyanan Fatma körpəni beşikdə görməyib qışqırdı:

- Balamı oğurlayıblar!

Hamı Afəri axtardı. Amma körpədən xəbər çıxmadı.

İndi gəlin görək körpənin aqibəti necə oldu...

Meşədə, ana tülkü balalarına yem axtaranda körpəni gördü. Onu darta-darta sürüyüb balalarının yanına gətirdi ki, yesinlər. Tülkü balaları analarını görən kimi yaxınlaşıb süd əmməyə başladılar. Körpə də onlara qoşuldu.

Tülkü körpəni yemək fikrindən vaz keçdi, onda elə hiss yarandı ki, körpə də onun balasıdır. Körpə doyub tülkü balaları ilə oynadı. Həmin gündən körpə tülkü balalarına qarışdı.

Artıq neçə vaxt keçmişdi. Afər yaşadığı həyata öyrəşmişdi. Ana tülkü daha körpələrinə süd vermirdi. O, əlinə düşən ovu balaları arasında bölürdü. Hansı gün ki, ana tülkü ov şikarlayıb gətirirdi, körpələr arasında qapa-qap düşürdü.

Afər iməkləyə-iməkləyə tülkülərlə bir yerdə gəzirdi. Amma hamıdan geri qalırdı. Ana tülkü də qayıdıb, onu axtarıb tapırdı. O, neçə dəfə Afəri canavarların pəncəsindən qurtarmışdı.

Ana tülkü çoxbilmiş, hiyləgər olduğundan, meşədə başqa heyvanlara yem olmurdu. Afər tülkü anasından və süd qardaşlarından hiyləgərlik öyrənirdi. 

Artıq üç yaşı olmasına baxmayaraq, Afər yerimir, ancaq o biri heyvanlar kimi dördayaqlı gəzirdi. 

Günlərin birində, ovçular pusqu qurub, tülküləri tora saldılar. Torda nə görsələr yaxşıdır?! Tülkülərin arasında balaca, qəşəng bir oğlan uşağı da var. Tülkü balalarına əl vuranda adamı necə dişləyirdilərsə, uşaq da eləcə mırıldanıb, adamı dişləyirdi.

Bütün kənd həmin uşaqdan, boynundakı qızıl medalyondan danışırdı. Xəbər Əhmədə çatanda o, barmağını dişlədi. Bildi ki, tapılan oğludur. Hamı qaçıb gəldi tülkülər və uşaq saxlanan qəfəsin yanına. Uşaq camaata qəzəblə baxır, sanki onu doğma meşəsindən ayırdıqlarına görə, hamıya nifrət edirdi.

Əhməd balasını görən kimi tanıdı, bağrına basmaq istəyəndə Afər onu elə dişlədi ki, yerindən qan çıxdı. Ana sevindiyindən bihuş olub yerə yıxıldı. Birtəhər uşağı tülkülərdən ayırıb, evə apardılar. Yuyundurub yedirtdilər, içirtdilər, paltar geyindirdilər. Evdə demək olar toy-bayram idi. Hamı sevinirdi. Səlbi də sevinirdi, amma yalandan. Ürəyində uşağın ölmədiyinə kədərlənsə də, vəhşiləşməyinə sevinirdi. Bununla belə, uşağı yox eləmək üçün yenə yollar fikirləşirdi. 

Gecəni yatdılar. Uşaq gecə qalxıb tülkülər saxlanan tövləyə getdi. Ovçular qapının arxasına taxta dirək qoymuşdular. Afər dirəyi yıxdı. Tülkülər qaçdılar. Uşaq da onlara qoşuldu, amma həmişə olduğu kimi, o geri qalırdı.

Səsə oyanan ovçular onların izi ilə meşəyə tərəf qaçsalar da, tülküləri tuta bilmədilər. Afər qaçıb gizlənə bilməmişdi. Ovçular uşağı təzədən evə gətirdilər. Afər yolda hamının üz-gözünü cırıq-cırıq elədi. Ovçular Afərə «tülkü balası» adı verdilər.

Afəri bir müddət evdə saxladılar ki, qaçmasın. O, evdə yaşamağa alışdı. Təkcə meşə tərəfdən tülkü səsi gələndə Afər də tülkü səsi çıxarıb, onlara hay verirdi. 

Afər yavaş-yavaş insan dili öyrəndi, ayaq üstə gəzdi. Hamı ona mehribanlıq göstərsə də, onda tülkü çoxbilmişliyi güclü idi deyə, Səlbidən zəhləsi gedir, ondan başqa hamını sevirdi. 

Anası verən yeməyi ləzzətlə yeyir, Səlbi verəndə isə dağıdırdı. 

Səlbi gördü ki, uşaq günü-gündən ağıllanıb, ləyaqətli uşaq olur, qərara gəldi onu zəhərləsin. 
Yekə, zəhərli bir ilan tutub gətirdi evə. Hamı yatandan sonra onu saldı uşağın yatağına. İlan uşağı oyatdı. Onlar bir xeyli oynayandan sonra Afəri yuxu tutdu.

İlan darıxıb otaqlarda sürünməyə başladı. Hər otaqda xeyirxahlıq, xoş niyyət hiss elədi. Əvvəl heç kəsə dəymədi. Səlbiyə yaxınlaşanda isə kin-küdurət, xəbislik, ifritəlik, pislik xofu ilanı bir anda vəhşiləşdirdi.

İlan hikkə ilə sarıldı Səlbinin boğazına. Dişinin dibində nə ki zəhər var idi, onun boğazına axıtdı.

Səlbi bir az da eybəcərləşdi. 

Canı isə elə bərk idi, ilan zəhəri də ona təsir eləmədi. Yerindən dik atılıb meşəyə tərəf elə qaçdı, elə qaçdı ki, heç kəs ona nə çata bildi, nə tuta bildi. Beləcə ifritə arvad yoxa çıxdı. 

Afər oyananda bilmədi nə olub. Yanındakı ilan da səs-küydən qorxub, sarıldı Afərin boynuna. Camaat istədi ilanı öldürsün, Afər əl atdı hiyləyə. İşarə ilə gələnləri başa saldı ki, çıxsınlar bayıra.

Hamı çıxandan sonra ilanı boynundan açıb pəncərədən bayıra saldı. İlanı nə qədər axtardılar, tapmadılar... 

Afər böyüdü, ağıllı və güclü oldu. O, hərdən tülkü analığına da baş çəkir, ona yemək aparırdı. Tülkülər Afəri paltarda görəndə qorxudan qaçıb, gizlənirdilər. Afər isə hər dəfə onların yuvasına çatanda gərək soyunaydı ki, tülkülər onu tanısın. Afər onlarla əvvəlki kimi oynayır, gətirdiyi çiy əti onlarla dartışdırıb yeyirdi. Bu, onun çox xoşuna gəlirdi.