Bu maraqlıdır!

Telefonu kim icad edib

Biz həyatımızı ünsiyyətsiz təsəvvür edə bilmirik. Əgər həmsöhbətimiz uzaqlara getsə və bu səbəbdən onu görmək qeyri-mümkün olsa necə edək? Məşhur alim, telefon adlanan möcüzəli kəşfin müəllifi Aleksandr Qrehem Bell çıxılmaz vəziyyətlərin olmadığını və hətta yüz kilometrlərlə uzaqda yaşayan həmsöhbətlə ünsiyyət qurmağın mümkünlüyünü sübut edir.
 
1876-cı ildə şotland alimi Qrehem Bell aləmə öz kəşfini – dünyada ilk telefonu nümayiş etdirmişdi. Lakin qeyd etmək lazımdır ki, belə aparat üzərində tədqiqatlar Bellin kəşfindən çox-çox əvvəldən bəri aparılırdı.
 
Ondan 20 il əvvəl fransız alimi Şarl Bursel telefon əlaqəsinin kəşfi istiqamətində ilk və əhəmiyyətli addım atmışdı. Burselin uzaq məsafəyə səsin ötürülməsi cəhdləri telefonun ixtirası sahəsində gələcək araşdırmalar üçün təkan rolunu oynadı.
 
Bu sahədə uğur qazanan növbəti ixtiraçı 1861-ci ildə alimlərə məsafədən səs ötürmənin mümkünlüyünü sübut edən İohann Filipp Reys oldu. “Telefon” termininin əsasını da məhz Məhz İohann Filipp Reys qoydu. Telefon yunan dilindən tərcümədə “uzaq” mənasını verən “tele” və səs mənasını verən “phone” sözlərinin birləşməsindən yaranıb. Lakin İohann Filipp Reysin yaratdığı bu aparat müəyyən səsləri və musiqini uzaq məsafəyə ötürə bilsə də insan səsi qarşısında aciz idi.
 
Beləliklə insan səsini ötürmə qabiliyyəti olmayan kəşfin bəşəriyyət üçün lazımsız olacağı qənaətinə gələn alimlər bu sahədə tədqiqatların dayandırılmasına qərar verdilər.
 
Maraqlı faktlardan biri də odur ki, ilk telefonun ixtiraçısı Qrexem Bellə eyni vaxtda oxşar aparat üzərində digər tanınmış ixtiraçı Elayş Qrey də işləyirdi. Xoş təsadüf nəticəsində Bell öz kəşfini ictimaiyyətə bir neçə saat öncə təqdim edə bildi və telefon əlaqəsi yaradan ilk insan kimi tarixə düşdü.
 
Telefon ilk baxışdan çox sadə görünür. Amma faktlardan göründüyü kimi bu kəşf bir neçə alimin uzun illər ərzində apardığı axtarışların, gərgin əməyin bəhrəsidir.