V

Vaqif Molla Pənah

Azərbaycan şairi, siyasi və ictimai xadim
 
1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olub. Pənah yaxşı təhsil görmüş, fars və ərəb dillərini öyrənmişdi. Astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi.
 
Əvvəlcə Qazaxda, sonra isə Qarabağda mədrəsələrdə dərs deyir və buna görə Molla Pənah adını alır. 
 
Qarabağa gəldikdən az sonra Vaqif Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm yaxşı müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Bunu nəzərə alan Qarabağ hakimi İbrahimxəlil xan Vaqifi saraya dəvət edir. Xan onu əvvəlcə eşik ağası, daha sonra isə baş vəzir təyin edir. 
 
1796-cı ildə qraf Valerian Zubovun başçılıq etdiyi rus qoşunları, Qarabağ sərhədlərinə yaxınlaşır. İbrahimxəlil xan öz oğlu Əbülfət ağanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətə Vaqif və tanınmış Qarabağ bəylərinin oğlanları da daxil edilir.
 
Səfarət geri dönərkən İbrahimxəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verilir. 
 
Qarabağda böyük mənsəb və nüfuz sahibi olan Molla Pənah Vaqifin həyatı faciəli sonluqla bitir. Ölümünün təfərrüatı belədir: 1797-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşaya ikinci hücumu zamanı İbrahimxəlil xan Çar-Balakənə qaçır. Şəhəri ələ keçirən Qacar bir gün sonra orada sui-qəsd nəticəsində öldürülür. Hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəy yiyələnir. Vaqifdən xoşu gəlməyən Məhəmməd bəy onu oğlu Əli bəylə birlikdə öldürtdürür. Vaqifin evi talan olunur, əlyazmaları yandırılır. 
 
Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb.