V

Vaşinqton Corc

Washington George
 
Amerikalı siyasi və hərbi xadim, ABŞ-ın ilk prezidenti
 
1732-ci il fevralın 22-də Virciniyadakı Uestmorlend qraflığının  Pops-Krik plantasiyasında anadan olub.
 
1752-ci ildə mayor rütbəsi alaraq virciniyalı könüllülərindən təşkil olunmuş qoşun hissələrindən birinin komandiri təyin edilib. Fransızlara və yerli hindu tayfalarına qarşı döyüşlərdə iştirak edib.  Polkovnik rütbəsinə qədər yüksəlib. 1759-cu ildə ordudan tərxis olunub.
 
1758-1774-cü illərdə Virciniya vətəndaşları palatasına seçilib, eyni zamanda Ferfaks qraflığında hakim vəzifəsində çalışıb.
 
Böyük Britaniyanın Amerika koloniyalarına qarşı apardığı siyasətlə barışmayan Corc əlinə silah alıb və koloniyaların müdafiəsinə qatılıb.
 
1775-ci ildə Kontinental ordunun komandanı seçilib və Şimali Amerikanın azadlığı uğrunda gedən müharibənin sonuna qədər (1775-1783) orduya rəhbərlik edib.
 
1783-cü ilin noyabrında Paris sülh sazişinin imzalanmasından sonra ordudan istefa verib.
 
1787-ci ildə Birləşmiş Ştatların Konstitusiyasının mətnini hazırlayan Konstitusiya konventinin sədri seçilib. Onun səyləri nəticəsində Virciniya ilk olaraq bu Konstitusiyanı ratifikasiya edib.
 
1789-cu il aprel ayının 30-da Corc Vaşinqton ABŞ-ın prezidenti seçilib. 1797-ci ildə üçüncü müddətə prezident seçilməkdən imtina edib.
 
Həyatının son anlarını Maunt-Vernondakı malikanəsində, ailəsi ilə birlikdə keçirib. Malikanələrini gəzərkən leysana düşərək xəstələnib və iki gün sonra 1799-cu il dekabr ayının 14-də Virciniyada vəfat edib. Maunt-Vernonda dəfn olunub.