D

Dədə Qorqud dastanı

I minilliyin sonu, II minilliyin əvvəllərində Azərbaycanda və Anadolunun şərqində geniş yayılan ozan repertuarının əsasını təşkil edən epos.
 
Bəhs olunan hadisələrin tarixi əhəmiyyətini nəzərə alan türk salnaməçiləri və tarixçiləri tərəfindən ayrı-ayrı boylar şəklində yazılıb qorunan dastan sonradan kitab halına salınıb.
 
Feodalizmin təşəkkül tapması dövrünü əks etdirən kitabda ibtidai icma, quldarlıq quruluşunun təzahürləri də özünü göstərir. Əsərdə oğuzların əsas dövlət quruluşu “Oğuz eli” adlanır və onun əsasını başda xanlar xanı Bayandır olmaqla Oğuz bəyləri təşkil edir. 
 
Dastanda hadisələr Azərbaycanın Qazılıq dağı, Dərbənd, Göyçə, Bərdə, Şərur, Əlincə ərazilərində baş verir.
 
XIX əsrdən Dədə Qorqud dastanının kütləvi nəşri və geniş tədqiqinə başlanılıb.
 
1815-ci ildə abidəni ilk dəfə aşkara çıxaran alman alimi Fon Dits “Təpəgöz” boyunu alman dilinə tərcümə edib.
 
1939-cu ildə dastan Həmid Araslı tərəfindən azərbaycan dilinə tərcümə olunub.
 
2000-ci il aprelin 9-da Bakı şəhərində “Kitabi Dədə Qorqud” dastanının 1300 illiyi qeyd edilib.