Ə

Əcəmi Naxçıvani

Əcəmi Əbubəkr oğlu Naxçıvani
 
Dünya şöhrətli memar, Naxçıvan memarlıq məktəbinin banisi
 
Əcəmi XII əsrdə İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində, atabəy Şəmsəddin Eldənizin dövründə yaşayıb. Tarixdə onun barəsində, ölməz əsərlərindən başqa heç bir məlumat yoxdur. Görünür, dahi memar bunu qabaqcadan hiss etdiyindən öz şah əsəri Möminə Xatun türbəsi üzərindəki kitabədə belə yazmışdı: “Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”.
 
1186-cı ildə tikilmiş bu gözəl və möhtəşəm məqbərə xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Möminə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. Bundan başqa hazırda Naxçıvanda muzey kimi fəaliyyət göstərən Yusif ibn Küseyir türbəsi və bizə dövrə qədər gəlib çatmayan Atabəylər məscidi (Cümə məscidi) də dahi memarın tikdiyi abidələrdəndir.
 
İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən, Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəzləyirdi. Məzarlıq hissəsi yerin altında olan bu tikililərin, yerüstü hissəsi bəzən 30 metrə qədər yüksələrək, öz gözəlliyi və məzmunu ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi. 
 
Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdu. Tədqiqatçılar hətta ondan 300 il sonra yaşamış böyük Türkiyə memarı Memar Sinanın əsərlərində dahi ustadın təsirini aşkar ediblər. 
 
Əcəmi Naxçıvani memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən həllini tapmışdı.
 
Bundan başqa Naxçıvandakı Atabəylər məscidi, Yusif Küseyir oğlu türbəsi də dahi memarın yaradıcılığına aid nümunələrdir.