U

Udilər, Udinlər

Qafqazda ən qədim xalqlardan biri
 
Kompakt halda Oğuz şəhərində, həmçinin Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Bundan başqa Rusiya Federasiyasında, Gürcüstan Respublikasında (Oktomberi kəndində), Qazaxıstanda, Ukraynada və başqa olkələrdə də nümayəndələri var. Etnos kimi yalnız Azərbaycan ərazisində qalmaqdadırlar. IV əsrdən başlayaraq xristian dininə ibadət edirlər.
 
Qafqaz dilləri ailəsinin ləzgi qrupuna daxil olan udi dilində danışırlar. Udi dilinin Oğuz, Nic və Oktomberi (Gürcüstanda kənd) dialektləri var. 
 
Bu etnosun əcdadları olan və Alban çarlığının yaranmasında mühüm rol oynayan 26 alban tayfalarından biri - utilər haqqında ilk məlumata eramızdan əvvəl V əsr yunan tarixçisi Herodotun "Tarix" əsərində rast gəlmək olar. Eramızdan əvvəl l əsrdə yaşamış Strabonun "Coğrafiya", həmçinin Böyük Plininin (l əsr) "Həqiqi tarix", Ptolomeyin (ll əsr) "Coğrafiya" əsərlərində Xəzər dənizinin ətrafında müxtəlif tayfaların, o cümlədən udilərin yaşadığı göstərir. Utilər haqqında daha ətraflı məlumat VIII əsrdə yaşamış Moisey Kalankatuklunun "Alban tarixi" əsərində verilmişdir.
 
Vll əsrdə Albaniyanın ərəblər tərəfindən fəthindən sonra əhalinin böyük hissəsi, o cümlədən utilərin də bir qismi islam dinini qəbul edir. Öz dinlərini qoruyub saxlayan alban əhalisi isə xilafətin icazəsi ilə erməni–Qriqoryan kilsəsinin tərkibinə qatılır. Bundan sonra Alban xristianların etnik köklərinin dəyişdirilməsi və erməniləşdirilməsi prosesi başlayır. Nəticədə yalnız Qəbələ və Oğuz ərazilərində yaşayan udinlər öz adət-ənənlərini və dillərini qoruyub saxlaya bilirlər.
 
1999–cu ildə aparılmış siyahıyaalmaya əsasən Azərbaycan Resbublikasında 4152 nəfər, o cümlədən Qəbələ rayonunda 3 962 nəfər, Oğuz rayonunda 104 nəfər udin qeydə alınmışdır.
 
Rusiya Federasiyasında 2002-ci il siyahıya alımasına əsasən 3 721 nəfər udin var və onların əksəriyyəti Rostov vilayətində yaşayır.