C

Ceyranbatan su anbarı

Ceyranbatan qəsəbəsi ərazisində yerləşən içməli su mənbəyi
 
Layihəsi 1900-cü ildə ingilis mühəndisi Uilyam Lindley tərəfindən hazırlanıb, tikintisinə isə 1955-ci ildə başlanılıb. Bu məqsədlə ilk olaraq Samur-Dəvəçi kanalı Abşeron yarımadasına qədər uzadılıb. Dəvəyatağı və Ceyranbatan göllərinin yerində ümumi tutumu 186 milyon kubmetr olan anbar qurulub və 1957-ci ildə hövzə su ilə doldurulub. 
 
Ceyranbatan su təmizləyici qurğular kompleksi və magistral su kəmərləri üç mərhələdə inşa olunub və 1961-ci ildən 1978-ci ilədək davam edib.
 
Anbarın uzunluğu 8,74 kilometr, maksimum eni 2,15 kilometr, sahil xəttinin uzunluğu 23,3 kilometr, maksimum dərinliyi 28,5 metr, faydalı həcmi 150 milyon kubmetr, sahəsi 1389 hektardır.
 
İçməli su mənbəyi kimi istifadə edilən Ceyranbatan su anbarının təhlükəsizliyini təmin etmək məqsədi ilə 1960-cı ildə onun ətrafında üç zolaqlı sanitar-mühafizə zonası yaradılıb. 2001-ci ildən burada təhlükəsizlik tədbirləri gücləndirilib və anbarın mühafizə zonası hasara alınıb.
 
Qidalanma mənbəyi Samurçay, Vəlvələçay və Qudyalçay çaylarından su götürən Samur-Abşeron kanalıdır.
 
Hazırda Ceyranbatan su anbarı Abşeron yarımadasının bir hissəsini, Sumqayıt şəhərini və qismən də Bakını içməli su ilə təmin edir.