B

Bruno Cordano Filippo

Giordano Bruno
 
Böyük İtaliya mütəfəkkiri, filosof və şair
 
1548-ci ildə Neapol yaxınlığındakı Nola adlanan yerdə  əsgər Covanni Brunonun ailəsində anadan olub.
 
1563-cü ildə yerli, Müqəddəs Dominik monastrına qəbul olur, iki ildən sonra isə abid olaraq Cordano adını alır.
 
Tezliklə kilsə kanonlarına şübhə ilə yanaşan Bruno rahiblərin diqqətini cəlb edir və o, Romaya, daha sonra İtaliyanın şimalına qaçır. Təhlükəsizliyinə görə narahat olan Bruno bir yerdə çox dayanmır və bu minval ilə bütün Avropanı gəzib dolaşır.
 
Fransada, onun mühazirələrinin birini dinləyən fransız kralı III Henrix Brunonu saraya dəvət edir və təhlükəsizliyi təmin olunur.
 
1583-cü ildə Londona köçən gənc filosof bir il sonra “Kainatın sonsuzluğu və aləmlər” əsərini yazır. Bruno Londonda Saray əyanlarını Kopernik ideyasının doğruluğuna inandırmağa çalışsa da Yerin yox, məhz Günəşin planetar sistemin mərkəzi olduğuna heç kimi inandıra bilmir. 
 
1585-ci ildə İngiltərə hökumət tərəfindən himayə olunmasına baxmayaraq, Bruno yenidən Fransaya bir qədər sonra isə Almaniyaya qaçmağa məcbur olur. Lakin az sonra ona Almaniyada da mühazirə oxumaq qadağan edilir.
 
1591-ci ildə Bruno gənc venesian zadəganı Covanni Moçeniqonun dəvətini qəbul edərək Venesiyaya köçür. Lakin tezliklə onların arası dəyir və Moçeniqo Venesiya inkvizisiyasına – kilsə məhkəməsinə Brunodan bir neçə şikayət məktubu yazır.
 
1592-ci ildə Bruno həbs edilir və bir il sonra Romaya göndərilir. Roma həbsxanalarında 6 il saxlanılan Bruno öz görüşlərindən imtina etmir.
 
1600-cü il fevralın 17-də inkvizisiya məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilir və Romada Çiçəklər meydanında (Campo dei Fiori) diri-diri yandırılır. Hazırda bu meydanda Brunonun abidəsi ucalır.