D

Daşqın

Çayların su rejimində hər il təkrar olunan dövr
 
Əsasən intensiv yağış və siklonun təsiri, həmçinin dağlarda qar və buzlaqların əriməsi nəticəsində baş verir.  İllik axımının 60-80%-ə qədəri bu dövrə düşür. Çayların suyunun artması, səviyyəsinin qalxması, yatağın tamamilə su altında qalması, bəzən də sahilləri basması ilə səciyyələnir. 
 
Vurduğu ziyana və qurbanların sayına görə təbii fəlakətlər arasında birinci yeri tutur. 1332-ci ildə  Xuanxe çayındakı daşqın nəticəsində 7 milyon çinli həlak olub. 1887-ci ilin payızında baş verən daşqında isə 11 şəhəri və 300-dən çox kəndi dağılan Çin, 2 milyondan çox insan da qurban verib. 
 
Hesablamalara görə, Yer kürəsində subasma təhlükəsi olan ərazilərdə təqribən 1 milyard insan yaşayır. 
 
Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, təkcə 1991-2000-ci illərdə dünyada 900-ə yaxın daşqın hadisəsi qeydə alınıb və bu fəlakət nəticəsində ölənlərin sayı təxminən 98 mini keçib. Bu zaman iqtisadiyyata dəyən ziyanın həcmi 273 milyard dollar dəyərində qiymətləndirilib. 
 
Azərbaycan ərazisində də əhalinin  müəyyən hissəsi və bir çox təsərrüfat sahələri daim daşqın və su basması təhlükəsi altındadır.