Nağıllar, hekayələr

Sergey Mixalkov. İki gonbul və dovşan

Gonbul begemot qamışlıqdan köhnə avtomobil tapdı. O, fili çağırdı:

 

– Gonbul, bura gəl. Bax gör nə tapmışam!

 

Fil dedi:

 

– Nə yaxşı maşındır! Gəl onu çıxaraq. Minib o ki var sürərik.

 

Bu vaxt haradansa bir dovşan gəlib çıxdı:

 

- Salam, dostlar! Nə tapmısınız? Ooo... avtomobil? Nə yaxşı! Di durmayın, çıxarın onu.

 

Gonbullar güc verib maşını bataqlıqdan otluğa çıxartdılar. Dovşan isə bu zaman kənarda durub əmrlər verirdi:

 

– Hə, qoçaqlar, bir də. Bir, iki, üç, bir də. Bərk yapışın, buraxmayın!

 

Gonbullar yolu hamarladılar. Kənarlara yol nişanları düzdülər. Dovşan isə elə hey çərənləyirdi:

 

– Hə, maşın sazdır, yolumuz hazırdır, nişanlar var. İndi sürmək olar.

 

Gonbullar işlərini qurtarıb avtomobilə minmək istədilər. Amma... nə pis oldu. Onlardan heç biri avtomobilə sığışmırdı. Axı onlar gonbul idilər.

 

Dovşanın bəxti gətirdi. O, rahatca sükan arxasına keçib qazı basdı. Maşın yerindən götürüldü. Amma dovşan uzağa gedə bilmədi. Maşın ağaca çırpıldı, əzilib xurd-xəşil oldu. Dovşanın da qolu-qıçı əzildi.

 

Adamın gonbullara yazığı gəlir. Əbəs yerə bu qədər çalışdılar. Maşına da heyfi gəlir. Sınıb dağıldı. Amma dovşana yazığı gəlmir. Görəsən, niyə?