K

Koroğlu

Yarı mistik xalq qəhrəmanı 
 
Koroğlu adlı qəhrəman türk xalqlarının folklorlarının ortaq motivlərindən biridir. Bəzi türk xalqlarının əfsanə və rəvayətlərində onun anasının işıqdan hamilə qaldığı, diri-diri torpağa basdırıldığı, Koroğlunun məzarda dünyaya gəldiyi və ölmüş anasını əmərək həyatda qaldığı söylənilir. 
 
Koroğlu adı üç fərqli məna ifadə edə bilər; kor adamın oğlu, torpağın, məzarın, yəni gorun oğlu, qorun, yəni atəşin oğlu.
 
XVI əsrin ortaları – XVII əsrin əvvəllərində Türkiyə şəhərlərində və Azərbaycan ərazisində kəndli hərəkatı başlayır. Bu üsyan tarixə Cəlalilər hərəkatı adı ilə daxil olur. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edir. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olur. Onun və silahdaşlarının haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun əsasən Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.
 
Şifahi xalq ədəbiyyatında bu qəhrəmanla bağlı hadisələr əfsanəviləşərək öz əksini “Koroğlu” dastanında tapır. Dastanda tarixi ardıcıllıq, onun igid döyüşçü, gözəl qoşmalar müəllifi olan istedadlı şair və aşıq olması tarixi həqiqət kimi qorunub saxlanılır.
 
Dastanda adları çəkilən Giziroğlu Mustafa bəy, Kosa Səfər, Cəfər Paşa, Həsən Paşa kimi şəxsiyyətlərin əksəriyyəti tarixi simalardır. XIX əsrə aid mənbələrdə Koroğlunun əsas iqamətgahı kimi Çənlibel qalası göstərilir (müxtəlif ərazilərdə “Çənlibel” adlı bir çox qalalar var).
 
A.Təbrizlinin “Tarixlər kitabı” əsərində cəlali dəstələrindən 20-dən çox başçının, o cümlədən Koroğlunun adı xüsusi qeyd edilir. Koroğlunun döyüşlərdə göstərdiyi mərdlik və şücaət, kasıblara himayəsi, zalımlara qənim kəsilməsi onu xalq qəhrəmanına çevirir.
 
Azərbaycan Əlyazmalar İnstitutunun arxivlərində aşıq-şair Koroğlunun çoxlu şerləri qorunub saxlanır.